Azərbaycan - Türkiyə birgə universiteti Bakıda yaradılacaq - Gəncədə, Şuşada filialları olacaq

Azərbaycan - Türkiyə birgə universiteti Bakıda yaradılacaq -

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması müzakirə olunub. Uzun müddətdir yaradılması gözlənilən birgə universitet layihəsi, nəhayət, reallaşır.

Azərbaycan -Türkiyə birgə universitetinin yaradılması ciddi əmək tələb edir. Ən önəmlisi isə Azərbaycan Türkiyənin ən tanınmış ali məktəbləri ilə əməkdaşlıq edəcək. Maraqlıdır, yaradılacaq birgə universitet iki ölkənin təhsil sahəsinə hansı yeniliklər gətirəcək?

Marmara Universitetinin professoru Okan Yeşilot Modern.az-a bildirib ki, yaradılacaq birgə universitet iki ölkənin təhsil sahəsindəki əlaqələrini yüksək səviyyəyə qaldıracaq:

“İlk başlarda birgə universitet iki - mühəndislik və tibb ixtisaları üzrə fəaliyyət göstərəcək. Bundan sonra digər ixtisaslar açılacaq. Birgə universitetin yaradılmasında məqsəd iki qardaş ölkənin mühəndislik və tibb üzrə biliklərini birləşdirməkdir.

Sonrakı zamanlarda, inşallah, mədəniyyət ixtisasları üzrə birgə universitet Şuşada açılar. İlk zamanlarda birdən çox ixtisasları açıb, bir sıra əksikliklər olmaqdansa, yavaş-yavaş daha yaxşı nəticə almaq lazımdır”. O qeyd edib ki, universitet ilk dəfə paytaxt Bakıda, daha sonra Gəncədə, Şuşada da açılacaq:

“Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncədə, Şuşada da açıla bilər.
Türkiyədəki Yükseköğretim kurulu(YÖK) Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb.
Başlanğıc çox önəmli idi. Biz uzun zamandır Azərbaycan-Türkiyə birgə universitetinin açılmasını gözləyirdik.

İnşallah, qarşıdakı zamanlarda digər ixtisasların da açılması üçün birgə səylər göstərəciyik”. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə atır: “Xatırladım ki, Azərbaycan hələ sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlayıb. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılıb və müstəqil olmayıb.

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Bir məqamı qeyd edim ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsuil müəssisəsi yaradılması çox mühüm hadisədir.Qeyd edim ki, hazırda Türkiyədə 21 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir.

Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var.

Azərbaycanın birgə universitet təsis etmək təcrübəsinin olduğunu xüsusi ilə qeyd etmək istəyirəm. Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir.

Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq.

Digər tərəfdən Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var”. Ekspertin sözlərinə görə, bu istiqamətdə görülən işlərdə keyfiyyət əsas meyar olmalıdır:

“Digər tərəfdən, bunun üçün böyük vəsaitlər lazımdır. Lakin işğaldan azad edilmiş ərazilərin bərpası üçün Türkiyə nümunəsində universitet kampusları da olacaq. Çünki Türkiyənin 210-a yaxın universiteti var və demək olar ki, onların hər birinin kampusu var. Türkiyə universitetləri bizdəki kimi yalnız binadan ibarət deyil. Türkiyə universitetlərinin laboratoriyaları, yataqxanaları, təhsil alan tələbələrin yaşaması üçün bütün şərait var. Türkiyənin birbaşa, yaxından iştirakı ilə yaradılacaq universitetlər Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyasına gətirib çıxaracaq. Azərbaycanın ali təhsil sistemi dünyada ciddi qəbul ediləcək.

Hesab edirəm ki, biz bundan sonra rəqəmsal, eyni zamanda “ağıllı universitet” layihələrinə keçməliyik, hansı ki, bu artıq Türkiyədə var. Eyni zamanda, biz işğladan azad edilmiş ərazilərdə daha çox tədqiqat universitetlərini yaratmalıyıq. Düşünürəm ki, işğaldan azad edilmiş tarixi torpaqlarımızda universitet yaratmaq xatirinə universitet açmamalıyıq. Keyfiyyət əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən Türkiyənin yaxından iştirakı ilə yaradılacaq universitetlər daha çox gələcəyin ixtisaslı kadrların yetişdirilməsinə kömək olacaqdır. Eyni zamanda buraya xarici tələbələrin cəlb edilməsi üçün də imkanlar yaradılmalıdır.

Ümumiyyətlə, Türkiyə-Azərbaycan iş birliyinə böyük ümidlərim var. İnanıram ki, istər Azərbaycan ali təhsil sisteminin təkmilləşdirilməsində, istərsə də maddi-texniki bazasının təkmilləşdirilməsində Türkiyə nümunəsində Azərbaycan universitetləri dünya reytinqində irəliləyə biləcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...