Azərbaycan televiziyaları ilə bağlı CİDDİ DETALLAR
Sadıq Elcanlı, əməkdar jurnalisti
Publisistik düşüncələr
(Birinci məqalə)
AzTV-nin ustad rejissoru, Əməkdar İncəsənət Xadimi, qəfil ölümüylə hamımızı kədərləndirən dostum Məhərrəm Bədirzadənin ruhuna rəhmət duası ilə
Neçə ay bundan əvvəl televiziyada Azərbaycan Reslubkasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın siyasi beyin mərkəzlərini təmsil edən görkəmli politoloqlarla möhtəşəm görüşünü izləyirdim. Prezident qeyri-adi realist-praqmatik yanaşma tərzi, analitik zəkası, ensiklopedik biliyi, yerli və planetar miqyaslı siyasi, iqtisadi, elmi-kulturoloji hal və hadisələrə fundamental, yaradıcı münasibəti, məntiqli, təkzibolunmaz təhlilləri ilə heyrət doğururdu. Prezident Qarabağın tarixi həqiqətlərini, otuz illik qanlı işğal faciəsini və 44 günlük Vətən müharibəsindən sonra qalib Azərbaycanın yaratdığı yeni geopolitik reallığı dünya siyasətinin gündəminə gətirir, haqqın, ədalətin zəfər çaldığını bəyan edir, nüfuzlu politoloqlara bir növ USTAD DƏRSİ keçirdi…
Görüşün sonuna yaxın Pakistanı təmsil edən politoloq dedi:
“Cənab prezident, görüşümüz dörd saatdır ki, davam edir və internet vasitəsiylə dünyaya canlı yayımlanır; mənim pakistanlı həmkarlarım da bu görüşü diqqətlə izləyirlər, onların alqışını canlı olaraq çatdırmağımı xahiş edirlər. Və pakistanlı politoloqun əlindəki telefonda alqışlar eşidilir, görüşdəkilərin hamısı o alqışlara qoşulur…”
Dünyanın neçə-neçə qitəsində, bəlkə yüzlərlə ölkəsində, yəqin ki, yüz milyonlarla, milyardlarla insanın əlindəki mobil telefonunda səslənən alqışların, Yer planetini bürüyən o ƏFSANƏ HƏQİQƏTİN ehtişamını yaşadım…
Möcüzəli anlar idi; Azərbaycanın haqq səsini, ədalətli mövqeyini, qalib və qüdrətli reallığını bütün dünyaya bəyan edən, sarsılmaz INTELLEKT VƏ İSTEDADLA ustad dərsini tamamlayan Azərbaycan Prezidentiylə fəxarət duyğusu ruhuma hakim kəsilmişdi. Və bir də televiziyanın qürub çağı, fantastikanı reallığa çevirən internetin hüdudsuz imkanları, bütün “olmaz”ları olduran heyrətamiz uğurları haqqında düşünürdüm; GƏNC internet QOCA televiziyanın edə bilməyəcəklərini, yaxud silsilə peyk əlaqələri, yayım ötürmələri ilə çox baha başa gələcək natamam işini çox asanlıqla, pulsuz-pənəsiz edir, dünyanı saatlarla öz cazibəsində saxlayır, rəqabətsiz tam qələbəsiylə bütün teletərəqqiyə meydan oxuyur, qələbə bayrağını qaldırırdı.
Mən ömrümün 40 ilini Azərbaycan Televiziyasına həsr etmişəm; 90-cı illərdə beş il “Azərbaycantelefilm”in, sonra iyirmi ildən artıq “Ədəbi-dram verilişləri baş redaksiyası”nın baş redaktoru olmuşam və yəqin ki, təəssübkeşlik hissiylə televiziyanın aşkar görünən məğlub durumuna, qürub çağına təəssüflə kədərlənir, köks ötürürdüm; eyni zamanda doğma televiziyamın zamanın yeni tələb və təklifləriylə tam səfərbər ola bilməməsindən, konseptual taktiki və strateji hədəflərə köklənmək, həqiqi inkişafa nail olmaq əvəzinə kosmetik bərbəzəklərlə, plagiat verilişlərlə, xaotik “teleestetika” fonu, teletərəqqi ovqatı yaratmaqla baş qatmasından, bəzi kölgəli məqamlardan, çoxsaylı səhvlərdən… doğan acı və ağrılı məyusluq da öz yerində…
Gənclik hər bir xalqın, millətin, bütövlükdə dövlətin, dövlətçiliyin əsas dayaqlarından, prioritet, strateji hədəflərindən biridir; söhbət ümumiyyətlə gənclərdən, GƏNC KÜTLƏDƏN yox, məhz elmli, məsuliyyətli, vətənpərvər, yaradıcı, dövlətə və dövlətçiliyə sədaqətli gənclərdən gedərsə, bu, daha çox yerinə düşür. Dövlət başçısının yüksək etimad göstərərək ciddi bir vəzifəyə irəli çəkdiyi gənc qısa müddətdə ORANI zibilləyir, rüşvət, korrupsiya yuvasına döndərirsə, həmin gənc kadr hansı universiteti hansı medalla bitirməsindən asılı olmayaraq, cəmiyyətin antipod ünsürüdür, ümumi işimizə mane olan, qənim kəsilən ən xatalı, “nümunəvi” ziyanvericidir, məhsuldar, sağlam sosial mühitin ürəyinə rişə, kök atan, metastaz verən xərçəngidir, ziyanlı alaqotudur; istər həkim olsun, istər jurnalist, istərsə də icra hakimiyyətinin başçısı, yaxud polis rəisi, universitet rektoru, televiziya sədri… fərq etməz.
Əgər gənc bir televiziya müxbiri “Xəbərlər”də Laçının, Kəlbəcərin məşhur Alban abidələrindən danışır və “Ermənilər bu abidələri xristianlaşdırdı” deyirsə, bu, təkcə səhv deyil, həm də savadsızlıqdır, canlı efirdə çiylikdir, məsuliyyətli işdə naşılıq və nadanlıqdır.
Xristianlaşdırmaqla Qriqorianlaşdırmaq, erməniləşdirmək arasında fərqin nə olduğunu bilməyən gənc “Xəbərlər” meydanında at oynada bilməz və bunu bilməyən, yaxud o gəncin nəyinə, ya kiminə görəsə buna göz yumanlar da “yerində” ola bilməz. Və mən çoxsaylı canlı efir səhvlərindən qaynaqlanan bu əsəbi, intizar dolu cümləni yaza-yaza onu da düşünürəm ki, həqiqət dalana dirənə bilməz, həqiqət həmişə və hər yerdə ön cərgəyə layiqdir.
Dahi Aristotelin öz müəllimi Platonla bağlı dediyi məşhur cümlə də bu məqamda yadıma düşür: “Müəllimim mənə əzizdir, lakin həqiqət ondan da əzizdir”. Və həqiqətlər deyiliir ki, yalanlar eşidilsin, çıxdaş edilsin, təslim olsun… Onu da deyim ki, redaktorluq institutunun gözdən salınması, az qala çıxdaş edilməsi səhv tendensiyadır, bundan sonra da fəsadları çox olacaq…
Bir müddət əvvəl “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyim “Yaddaş kitabının kədərli təbəssümü” adlı essedə Qarabağ Vətən müharibəsindəki qələbəylə bağlı yazmışdım:
“Müasir milli mətbuatımız, KİV-imiz, ədəbiyyat və mədəniyyətimiz bu tarixi qələbəyə, böyük zəfərə, bu xilaskar möhtəşəmliyə layiqincə cavab verə bilirmi? Təəssüf ki…
Və Azərbaycan teleməkanı yenidən boz, bayağı, səviyyəsiz seriallarını, xalqı kütləyə döndərməyə hesablanan şit, şablon şoularını davam etdirir. Şuşa, Qarabağ haqqında ciddi silsilə verilişlər, sanballı sənədli filmlər yenə gecikir, televiziyalar yenə yubanır, kosmetik bərbəzəklə baş girləyir, vaxt öldürür. Bu gün yeni təfəkkür tərzi, müasir teleestetikayla silahlanan konseptual təfəkkür verilişləri, həqiqi sənədli telefilmlər, Qarabağ, Şuşa haqqında fundamental sənədli seriallar zamanıdır. Xalq xilaskar Oyanışın, Dirilişin, Quruluşun strateji hədəflərinə güzgü tutan çağdaş teleməhsul intizarındadır…
Bu gün Azərbaycan teleməkanı milli yaddaş enerjisinin, böyük tarixi, etnogenetik gücün aşkar gizlinlərinə güzgü tutmalı, kütləni xalq, xalqı millət edən əsl həqiqətləri ekrana gətirməli, məhz Oyanışın, Dirilişin, Quruluşun xilaskar qan-gen yaddaşını oyatmalı, səfərbər etməlidir. Bu, müasir müstəqillik dövrünün çağırışı, zamanın tələbidir.”
Bu gün Azərbaycan Teleməkanında saf dövlətçilik mövqeyi, aparıcı sağlam istiqamətlər göz qabağındadır, lakin xəstə meyllər, teleestetikanı sıxışdıran aldadıcı kosmetik bərbəzək, ciddi mətni, SÖZÜ sıradan çıxaran yüngül müsahibəçilik, şərəfsiz şou, qeybət, dedi-qodu hay-küyü, uca sənətin, poeziyanın ruhunu incidən, səsini boğan səviyyəsiz meyxana mühiti, vəhşi düşmən əliylə Xirosimalara döndərilən, minalı yaraları hələ də qan verən VƏTƏN İNTİZARINI az qala üstələyən toy intizarı… da diqqəti cəlb edir.
Əlbəttə, qaranlıq, əzablı yollara REAL TV-nin saldığı işıqlı izlər, razılıq doğuran yeni telereallıqlar da var, İctimai TV-nin sanballı sözə, klassik mətnə, professional ənənələrə sahib çıxan uğurları, mərdanə dirənişi də var, başqa televiziyaların başqa uğurları da yox deyil. Söhbət Azərbaycan teleməkanının ümumi portret cizgilərindəki anormal, xaotik boşluğun, kənardan diqtə olunan yad, yabançı, antimilli ünsürlərin, bütün çayı çirkləndirən ziyanlı tullantıların çoxluğundan gedir. Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərə, möhkəm bünövrəyə əsaslanan, əsrlərin, minillərin sınağından çıxan özünəməxsus modelini iblis hikkəsiylə sarsıtmağa, dağıtmağa, kinayəli gülüş, lağlağı hədəfinə çevirməyə hesablanan, bu bədnam, gizli, məhz antimilli MİSSİYANI həyata keçirməyə çalışan bir sıra yerli seriallara dur deməyin vaxtı çoxdan çatıb.
Qarşımızda milləti yenidən səfərbər edən “OYANIŞ”, “DİRİLİŞ”, “QURULUŞ” seriallarının möhtəşəm nümunəsi var! Bu seriallar türkün tarixi gücünü, yaddaş enerjisini, QILINC və QƏLƏM zirvələrini, bütöv etno-genetik potensial imkanlarını hədəfə alaraq, oyadaraq, səfərbər edərək, az qala reinkarnasiya – RUHUN KÖÇÜRÜLMƏSİ effektiylə bu günün ürək, beyin meydanlarına gətirir, möhtəşəm ehyaya, milli-mənəvi transformasiyaya nail olur. Türkiyə öz doğma seriallarına – “Oyanış”a, “Diriliş”ə, “Quruluş”a baxa-baxa göz önündə bütöv tarixi miqyaslarıyla yenidən oyanır, dirilir, qurulur.
Bir neçə qəzetdə çap olunan “Yaddaş kitabının kədərli təbəssüm”ü adlı essedə daha geniş şəkildə toxunduğum bu məqamlar yenidən doğma televiziyam haqqında düşüncələrə, açıq söhbətə çağırır məni…
***
Şuşanın 28 il altı aylıq işğalına son qoyulduğu gün “Qarabağın tacı Şuşa” adlı sənədli filmin ssenarisini yazmağa başladım. Tezliklə bitirdiyim o ssenari əlaqədar vəzifə sahiblərinə, o cümlədən sədrə təqdim olundu. Mən Azərbaycan Televiziyası Bədii və Sənədli Filmlər Studiyasının baş redaktoru kimi bu aktual mövzunun tezliklə istehsala cəlb olunmasına, ənənəvi əngəllərin, vaxt itkisinin aradan qaldırılmasına çalışırdım. Əvvəl dedilər ki, bir az gözlə, görək nə olur. Sonra dedilər ki, Şuşada indi daşdan və əsgərlərdən başqa heç nə yoxdur.
Daha sonra… Əlqərəz, bir il keçib, “Qarabağın tacı Şuşa” sənədli televiziya filminin çəkilişləri, istehsalı hələ də başlamayıb. Bu bir ildə “kağız ev”lərdən, şəkillərdən, hətta pambıqçıdan da sənədli filmlər çəkilib, amma bütün cəhdlərimə baxmayaraq “Qarabağın tacı Şuşa” hələ ki, gözləyir.
Bir dəfə əsəbləşib dedim ki, son 300 ilin ən böyük qələbəsini qazandığımız bu şərəfli vaxtda Şuşa filmini saxlayıb pambıqçıdan film çəkmək dolayısı ilə o deməkdir ki, “Ey xalq, ey Azərbaycan, azadlıq sənlik deyil, get pambığını ək!” Heç bu aşkar ittihamın da bir nəticəsi olmadı. Və bir ildən çoxdur ki, Qərb, Xristian dünyası Azərbaycanın Qarabağı, Şuşanı işğal etməsindən danışır. Halbuki Şuşa qala-şəhərinin nə vaxt, kim tərəfindən tikilməsi, Qarabağ xanlığının necə yaranıb, necə inkişaf etməsi, buraya ermənilərin necə, hansı məqsədlərlə köçürülməsi bütün təfərrüatı ilə hətta rus, digər xristian mənbələrində, eləcə də “Qarabağnamə”lərdə əks olunub. Bütün bu tarixi həqiqətləri “Qarabağın tacı Şuşa” sənədli filmində bir yerə toplamaq, sonra o filmi rus, fransız, alman… dillərində də səsləndirib, internet vasitəsiylə bütün dünyaya yaymaq idi hədəfimiz.
Bu, Vətənə, Qarabağa, Şuşaya, bütün Azərbaycana əsil xidmət olardı, cənablar! Təəssüf ki, bəzi nadanların, yerində olmayan yekəbaşların hələ də davam edən günahı üzündən o adi vətəndaşlıq xidməti hələ də növbə gözləyir! Və mən Sadıq Elcanlı Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyasının baş redaktoru olaraq “Qarabağın tacı Şuşa” sənədli telefilminin o müəmmalı növbə tıxacından çıxarılıb istehsalına start verilməsinə bir il ərzində nail ola bilmədimsə…
40 illik jurnalist, 20 kitabdan artıq yazıçı, telessenarist fəaliyyətimin bu ən əzablı yarımçıq cümləsini tamamlamağı əlaqədar vəzifə sahibinin maaşını alan və başqa çoxlu pullar alan şəxsin vicdanına buraxıram. Və elə buradaca onu da xatırlatmağı özümə borc bilirəm ki, mən ümummilli lider Heydər Əliyev haqqında 22 filmin, Naxçıvan haqqında 16 filmin, eləcə də “Üç zirvənin fatehi” (Mir Cəlal Paşayev), “Zərif işığın Zərifəsi” (Zərifə Əliyeva), “Ağ işığın möcüzəsi” (Aida İmanquliyeva), “Mətbuat fədaisi” (Nəsir İmanquliyev), “Həmid Araslı həqiqəti” (Həmid Araslı), “Tarixin yollarında” (Vəli Əliyev), “Bir ömrün yollarında” (Nəsir Məmmədov), “Böyük yolun adamı” (Tofiq Hacıyev), “Əbədi zirvə” (Mirzə Ələkbər Sabir), “Mirzə Cəlil möcüzəsi” (Cəlil Məmmədquluzdə), “Cabbarlı cazibəsi” (Cəfər Cabbarlı), “Səhhət sevgisi” (Abbas Səhhət), “Şeirin Nəbisi” (Nəbi Xəzri), “Həyat aynasında portret cizgiləri” (Məmməd Əkbər), “Anarın anları”, “Qisasa qayıdış”, “Bəsdir, ağlama” (bədii telefilm), “Novruz”, “Vətən çağırır”, “Torpaq”, “Çıraqqala”, “Qafqaz Neoliti. Tovuz”, “Oğuz eli”, “Vətənin keşiyində”, “Səviyyə” (bu bədii televiziya filmini M.C.Paşayevin eyni adlı hekayəsi əsasında rejissor Məhərrəm Bədirzadə çəkmişdi; efirə getməsinə çox çalışdıq, təəssüf ki, nail ola bilmədik…), hələlik sonuncu filmim olan “Qarabağnamə”nin, bütövlükdə yetmişdən artıq sənədli telefilmin ssenari müəllifiyəm və nəyin nə olduğunu çox yaxşı bilirəm. “Şuşada daşdan və əsgərdən başqa heç nə yoxdur” deyən bədbəxtlər bilməlidirlər ki, daşı daş üstə qoyub yurd-yuva salmaqdan, torpağın şəhid qanıyla suvarılıb xarıbülbül yetirməyindən, əsgərin sinəsində açıllan güllə yerinə, qanlı yarasına bayraq sancaraq son dəfə gülməyindən başlanır VƏTƏN.
Peyğəmbər adaşı Məhəmməd Füzulinin “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!” çağırışıyla ayağa qalxan, Şuşanı yalın əllə alan Azərbaycan əsgərinin ilahi eşqindən, Boyat, Şahbulaq, Əskəran, Şuşa qalalarının sinəsinə hörülən daşların, QƏLPƏLƏRİN və QƏLBLƏRİN birliyindən, bütövlüyündən, vəhdətindən, “Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər, Sənə ağuşunu açmış duruyor Peyğəmbər” qışqıran misraların susqun vicdanından başlanır VƏTƏN. Ölmüş döyüş dostunun qanlı cəsədini qanlı bayraq kimi çiyninə alan və onu düşmən güllələrindən qorumaq üçün sinəsini qabağa verən əsgərin VƏTƏN və DAŞ — ən böyük VƏTƏNDAŞ olduğunu nadanlar hardan bilsin! “Şuşada daşdan və əsgərdən başqa heç nə yoxdur” deyən karlar və korlar VƏTƏNİN çağırışlarını eşitməz, müqəddəs möhtəşəmliyini görməz, bəla burasındadır. O qara eynəkləri çıxarmaq, VƏTƏNİ görmək və eşitmək zamanıdır cənablar!
P.S. Bu yazını yazmamaq üçün çox çalışdım, amma bacarmadım. Təxminən, beş il əvvəl yazıb “525-ci qəzet”də çap etdirdiyim “Zəfər zəngləri” adlı məqalələr silsiləsində (yeddi məqalə) Azərbaycan Milli Teleradiosunun şərəfli yüksəliş yollarına üz tutmuşdum, bu yazıda isə daha çox müəmmalı çətinliklər, əzablı, kölgəli yollar çağırdı məni. Bir dostum “Boş burax, fikir vermə, səni də Məhərrəm Bədirzadə kimi çərlətmək istəyirlər” dedi, “40 il çörəyini yediyim, təəssübünü çəkdiyim AzTV çağırır, yazmaya bilmirəm” dedim. Yazdım ki, özəl televiziyaların özünü toparladığı, inkişaf yoluna çıxdığı indiki şərəfli vaxtda doğma AzTV-nin də tənəzzülə son qoymasına, yenidən səfərbər olmasına, bütün maddi və mənəvi potensial imkanlarıyla ayağa qalxmasına, yeni bir UĞURLAR DÖVRÜNƏ qədəm qoymasına az-çox köməyim dəysin. AzTV-nin uzun, yarımqaranlıq böyük dəhlizində təsadüfən rastlaşdığım fədakar insan, sənətinin böyük sənətkarı, otuz ildən artıq unudulmaz Heydər Əliyevin operatoru olan Fazil Hadıyevin “İclasda neçə il oturduğum yerdən qalxıb arxa cərgələrə keçməyimi təkidlə tələb etdilər, bu, rəhbərliyin göstərişidir dedilər” gileyi əsəbi, ağrını daşdıran son damla oldu…
Azərbaycan Teleradiosunun son vaxtlardakı həqiqətlərindən az bir hissəsini dilə gətirdim; o həqiqətlərin hamısı haqqında danışmağa və qarşı tərəfin bütün suallarına səmimi cavab verməyə hazıram; gizli dedi-qodular yox, açıq söhbət, analitik təhlillər zamanıdıır. AzTV-nin bu gününə, çağdaş həqiqətlərinə üz tutan yeni bir məqalələr silsiləsi çağırır məni…
687 dəfə oxundu