QHT sosial qayğıya ehtiyacı olan uşaqları sevindirdi

QHT sosial qayğıya ehtiyacı olan uşaqları sevindirdi
Uşaqlara qayğıkeş münasibət, onların problemlərinə həssas yanaşma xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, müstəqil dövlətimizin uşaq siyasətinin təməl daşıdır.

Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət uşaq siyasəti Azərbaycanın milli strategiyasının ayrılmaz tərkib hissəsidir ki, onun da başlıca prinsiplərindən biri uşaqların keyfiyyətli təhsil almaları üçün müvafiq şəraitin yaradılması, yüksək standartlara cavab verən təhsil ocaqları, maddi-texniki avadanlıq və məktəb ləvazimatları ilə təmin edilməsidir. Həmçinin təhsil aldıqları müddətdə hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biri, onların ölkəmizdə sağlam və savadlı insan kapitalının formalaşmasına münasibətinin bariz göstəricisidir.

Bu gün ətrafımızda valideyn himayəsindən məhrum olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar, aztəminatlı şəhid və qazı ailələrinin övladları az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi sosial həssas qrupdan olan ailələrə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edən qeyri-hökumət təşkilatlarının fəaliyyətində xüsusi yer tutur.

Əsas fəaliyyət istiqaməti uşaq hüquqlarının təmin olunması ilə bağlı olan "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi də bu sahədə öz ənənələrinə sadiq qalaraq, yeni tədris ili ərəfəsində paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid ailələrin övladlarını müəyyən yaş qruplarına uyğun məktəb ləvazimatları və məktəbli formaları hədiyyə edərək onları sevindirib.

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva saytımıza açıqlamasında bildirib ki, İctimai Birliyin rəhbərliyi və İdarə Heyətinin üzvləri, təşkilatın fəalları və təəssübkeşlərinin iştirakı ilə keçirilmiş xeyriyyə tədbirində toplanmış vəsait və ləvazimatlar QHT könüllüləri tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahiblərinə - “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə minnətdarlığını bildirir və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa ümid bəsləyir.
Həyatda ən çox sevdiyimiz varlıq olan uşaqların azad və müstəqil ölkədə xoşbəxt gələcəyini təmin etmək, sağlam və ağıllı, bilikli və bacarıqlı, nəcib və ləyaqətli övlad, xalqına və dövlətinə sadiq vətəndaş kimi yetişdirmək hər birimizin borcudur. Sosial həssas qrupa aid ailələrin övladlarına isə diqqət və qayğımız ikiqat artıq, gələcəyə ümidimiz qədər böyük və tükənməz olmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...