“Kəlbəcərdəki fəhlələrə dedilər ki, maaşlar ödənilməyəcək, hara istəyirsiniz şikayət edin”

“Kəlbəcərdəki fəhlələrə dedilər ki, maaşlar ödənilməyəcək, hara istəyirsiniz şikayət edin”
“2022-ci ilin aprelin 1-dən Kəlbəcərdə yol tikintisi ilə məşğul olmuşuq. Sentyabrda baş verən döyüşlər ərəfəsində təhlükəli olduğu üçün ərazidən çıxdıq. Bizə dedilər ki, narahatlıq üçün heç bir səbəb yoxdur, maaşlarınız ödəniləcək. Amma son bir neçə ayın maaşları ödənilmədi”.
Yeniavaz.com xəbər verir ki, bunu Meydan TV-yə “İnterservis qrup” şirkətinin keçmiş əməkdaşı Samir Mahmudov deyib.
Şikayətçinin sözlərinə görə, maaşını ala bilməyən işçilərin çoxu şikayət etməkdən çəkinir. Amma üç nəfər bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Xidmət şikayəti araşdırıb və şirkət cərimələnib:
“Mühəndis heyətinin maaşları ödənildi, amma fəhlələrə dedilər ki, maaşlar ödənilməyəcək, hara istəyirsiniz şikayət edin. Sentyabr ayının 12-nə qədər olan maaşı verdilər. Avqust ayının maaşı noyabrda ödənildi. Sentyabr ayının yarısı, oktyabr, noyabrın əməkhaqqı ödənilməyib”.
Digər şikayətçi Ziya Heybətoğlu Əzizov isə deyib ki, o, martın 16-dan müqavilə əsasında işə götürülüb. Son 3 ayın maaşını ala bilməyib:
“Sentyabr hadisələrinə görə bizi məzuniyyətə göndərdilər, amma məzuniyyət haqqı ödənilmədi. Sentyabrın 1-dən maaşım 1500 manat olmalıydı. Buna baxmayaraq, sentyabr ayında cəmi 377 manat, noyabr ayında 351 manat, sonradan 243 manat pul köçürüblər. Şirkətdən bizə deyiblər ki, şikayət etdiyinizə görə cərimə ödənilib. Buna görə də, maaşlar verilməyəcək”.
Şikayətçilərdən biri isə deyib ki, sentyabrdan dekabradək hər həftə əməkhaqlarının ödəniləcəyinə dair vəd verilib:
“Əmək Müfəttişliyi Xidməti şikayətimizin haqlı olduğunu təsdiqlədi. Ötən ilin dekabrın 29-da şirkətdən bizə zəng edib dedilər ki, şikayət etdiyiniz üçün pullarınız ödənilməyəcək. Çünki maaşlar Əmək Müfəttişliyi Xidmətinə cərimə olaraq verilib”.
“Əmək Müfəttişliyi Xidmətindən isə dedilər ki, araşdırma davam edir, amma şirkətdən maaşlarımız məcburi şəkildə ödənilə bilməz. Uzaqbaşı, müraciət edəcəklər ki, pullarımızı ödəsinlər. Şikayət etməyən işçilərə isə deyirlər ki, nə işləmisiniz ki, sizə pul ödənilsin. Bizimlə şirkət arasında bağlanmış müqavilə dekabrın 1-də tamamlanır”, – şikayətçi deyib.
Qeyd edilib ki, “İnterservis” qrup haqqında internetdə geniş məlumat verilməyib. İşçilər şirkətin əvvəllər başqa ad altında fəaliyyət göstərdiyini deyirlər.
İşçilərin müdir kimi təqdim etdikləri Orxan adlı əməkdaş isə şirkətin cərimələndiyini təsdiqləyib. Onun sözlərinə görə, işçilərə borcları qalmayıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən məsələ ilə bağlı sorğuya cavabda deyilib:
““İnter Sevice Group” MMC-nin işçiləri olmuş Əzizov Ziya Heybət oğlu və Qasımov Vasif Balaqardaş oğlunun əmək hüquqlarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətləri araşdırılıb. Onların əmək müqavilələrinə xitam verildiyi, lakin son haqq-hesablarının ödənilmədiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qanunvericiliyə uyğun olaraq görülən tədbirlər nəticəsində “İnter Sevice Group” MMC tərəfindən həmin iki şəxsə – Z.Əzizov və V.Qasımova son haqq-hesabları hesablanaraq ödənilməsi təmin edilib”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
363 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...