Əhalinin artımı zəiflədi: Türkiyə təcrübəsini tətbiq edək

Əhalinin artımı zəiflədi:
Əhalinin təbii artımı bu gün Azərbaycan üçün prioritet istiqamətlərdən biri olmalıdır. Çünki son bir neçə ilin statistikasına nəzər yetirsək, əhalinin artımında azalmaların olduğunu görərik.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, “Sosial xidmət haqqında Dövlət Proqramı”nın preambula hissəsində Azərbaycanda əhalinin sayı son 22 ildə 26,44% artdığı halda, ahılların sayının 99,4% artdığı qeyd edilib:

“Bu, ahılların uşaq və yeniyetmələrin sayına nisbətdə daha çox artdığını göstərir. 2023-cü ilin son 5 ayı ərzində təbii doğumların sayı 17,5 faiz aşağı düşüb. Statistikanın aşağı düşməsinin bir sıra səbəbləri var.

Azərbaycanda uzun illər, özəlliklə də Sovet dövründə demoqrafik vəziyyəti sabitləşdirmək üçün “qəhrəman ana” institutu yaradılmış, müxtəlif üstünlüklər və dəstəkləyici tədbirlər hazırlanmışdı. Ancaq müstəqillik dövründə Azərbaycanda çoxuşaqlı ailə anlayışı getdikcə zəiflədi. Məsələn, 2019-cu ildə əhalinin siyahıyaalınmasına nəzər yetirdikdə, Azərbaycanda 16 min civarında çoxuşaqlı ailə olduğunu görərik. Halbuki, ailələrin ümumi sayı 2 milyondan çoxdur. Bu problemin qaynağında qlobal ailə trendlərinin dəyişməsi, demoqrafik siyasətdə stimullaşdırıcı tədbirlərin olmaması da var. Eyni zamanda, bir çox postsovet ölkələri kimi, Azərbaycan da keçid dövrünü ağır keçirdi. Bu da ailə planlaşmasına təsir göstərdi. Bu gün əksər ailələr 1, yaxud 2 övlad sahibi olmaq istəyir. Həmçinin, son illər boşanmaların çoxalması da təbii artıma birbaşa təsir edir”.

Şəfiyevin sözlərinə görə, bir çox gəncin ailə qurmaqdan daha çox karyera, mənzil sahibi olmaq istəyi evlənmək yaşının artmasına təsir göstərir:

“Belə olan halda ailə planlaması da bir qədər mürəkkəbləşir. Hətta dünyanın bir çox ölkəsində başqa amillərin, xüsusilə sosial şəbəkələrin meydana çıxması ilə gənclərdə subaylıq sindromu yaranıb. Onlar evlənmək yox, ancaq virtual ünsiyyət haqda düşünürlər. Lakin Azərbaycanda bu tendensiya özünü bir o qədər də göstərmir”.

Sosioloq bildirib ki, məsələ ilə bağlı qardaş Türkiyədə bu yaxınlarda çox maraqlı bir addım atılıb:

“Türkiyə rəhbərliyinin təşəbbüsü ilə Ailə və Gənclər Fondu yaradılıb. Bu fond yeni ailə quran gənclərə və zəlzələ bölgəsində ikinci dəfə nikaha girən ölkə vətəndaşlarına 150 min lirə civarında faizsiz kredit verir. Bu kredit 6 il müddətində qaytarıla bilər. Düşünürəm ki, bu təşəbbüs ölkəmizdə də tətbiq edilə bilər. Eyni zamanda, regionlardakı gənclərə pay torpaqları verilərək, iş və məşğulluq sahələri inkişaf etdirilə bilər. Çox yaxşı olar ki, uşaqpuluyla bağlı məsələ də yenidən qaldırılsın. Türkiyədə yeni doğulan körpənin adına bankda hesab açılır. Bu hesaba 18 yaşına qədər pul yatırılır. 18 yaşına çatdıqdan sonra isə o, yatırılan puldan həyatını qurması üçün istifadə edə bilir.

Yaxşı olar ki, Azərbaycanda çoxuşaqlı ailə sistemi 6-7 uşaqla hesablansın və həmin anaya “qəhrəman ana” statusu verilsin. Belə ailələrə vergi və sosial güzəştlər də tətbiq oluna bilər.

Boşanmaların azaldılması üçün gənclər ailə qurmazdan əvvəl evliliyə hazırlanmalıdır. Çox yaxşı olar ki, orta və ali məktəblərdə ailə dəyərlərini təbliğ edən ayrıca dərslər də keçirilsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...