Sabiq məmurun oğlu azadlığa buraxıldı
Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, "Konstra” MTK-nın təsisçisi və sədri Bəsrət Abbaslı azadlığa buraxılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi B.Abbaslı barəsindəki hökmü dəyişib. O, dünən məhkəmə zalından azadlığa buraxılıb.
Həmçinin B.Abbaslı və atasına məxsus əmlaklar üzərinə qoyulmuş həbs qərarı da götürülüb. Sözügedən əmlakların bir neçə milyon manat dəyərinin olduğu bildirilir.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin dekabrında çıxardığı hökmə əsasən, MTK-nın direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyev də təqsirli bilinib. D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddəsi (müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icra olunmasından başqa cür yayınma) ilə ittiham edilirdi. Onlar zərərçəkmiş şəxslərdən pul alsa da, ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.
Əvvəlki hökmə əsasən, D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs olunmuşdu.
Qeyd edək ki, "Konstra MMC” şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən Bəsrət Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.
285 dəfə oxundu