Avtomobillərdə reklam yerləşdirilməsi üçün müqavilə və DİN-dən razılıq tələb olunacaq

Avtomobillərdə reklam yerləşdirilməsi üçün müqavilə və DİN-dən razılıq tələb olunacaq


Nazirlər Kabineti ““Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları” təsdiq edib.

APA-nın məlumatına görə, bu Normalar Azərbaycan Respublikası ərazisində müvafiq qaydada dövlət qeydiyyatından və texniki baxışdan keçirilmiş nəqliyyat vasitələrinin reklam daşıyıcısı kimi istifadə edilməsi normalarını müəyyən edir.

Normalara əsasən nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Daxili İşlər Nazirliyi tərəfindən verilir.Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.

Nəqliyyat vasitəsinin üzərində reklam minik avtomobillərinin və mikroavtobusların qapılarında və qanadlarının yan səthlərində, avtobus, trolleybus və tramvayların banında pəncərə xəttinə qədər olan yan səthlərində, yük, yük-sərnişin, yük-furqon qoşqu və yarımqoşquların banının yan səthlərində, motosikletlərin yanacaq baklarında və alətlər qutusunun qapağında yerləşdirilir. Nəqliyyat vasitəsinin salonunda yerləşdirilən reklam qurğularının iti küncləri, kəsici hissələri və çıxıntılı hissələri olmamalı, sərnişinlərin minib-düşməsinə maneçilik törətməməli, həmçinin həmin qurğular hava axınından, qəfil tormozlanmadan, titrəyişlərdən əmələ gələn təsirlərə davamlı olmalıdır. Nəqliyyat vasitələrinin damında, ön və arxa hissələrində, dövlət qeydiyyat nişanlarının və fərqlənmə nişanlarının (beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinə münasibətdə) görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazlarında, ban şüşələrində, habelə istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır. Şəxsə mənsubiyyətini göstərən və təyinatını əks etdirən fərqləndirici nişanların nəqliyyat vasitələrinin üzərində yerləşdirilməsi reklam hesab olunmur. Nəqliyyat vasitələrində işıqlanan tabloların yerləşdirilməsinə, nəqliyyat vasitəsindən istifadə etməklə səsli reklamın yayılmasına icazə verilmir.

Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələri və təhlükəli yüklərin daşınması təyinatlı nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qadağandır. Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə oxşar reklamların nəqliyyat vasitələrində yayımına, nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunmasına, yol hərəkəti iştirakçılarının yol şəraitini qiymətləndirilməsinə maneə törədən, habelə xarici görünüşü və təsviri ilə yol hərəkətinin təşkilində istifadə edilən texniki vasitələrə oxşar olan reklamların nəqliyyat vasitələrinin üzərində və salonunda yayımlanmasına icazə verilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...