Mərkəzi Bankın hüquqi statusunu dəyişən qanun qüvvəyə mindi
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli qanununun tətbiqi haqqında sərəncan imzalayıb.
APA-nın məluçatına görə, dəyişikliyə əsasən Mərkəzi Bankın statusu dəyişib, dövlət orqanı deyil, artıq publik hüquqi şəxsdir.
Mərkəzi Bank balansında olan əmlaka Mülki Məcəlləyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarmı həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Dəyişikliklərdən biri 5.0.7-ci maddənin ləğv edilməsi ilə bağlıdır. Bu dəyişikliklə, Mərkəzi Bankın bank fəaliyyətini lisenziyalaşdırması və tənzimləməsi, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirməsi funksiyası əlindən alınıb. Həmçinin Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinin bir qismi də əlindən alınıb. Dəyişikliklərdə 22.0.9 - 22.0.12-ci maddələrin ləğvi nəzərdə tutulub. Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edə, kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyən edə, “Banklar haqqında” qanun ilə müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul edə, Azərbaycanın bank sistemində xarici kapitalın iştirak limitini müəyyənləşdirə bilməyəcək.
Dəyişikliklə Mərkəzi Bank ölkənin bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını itirib. Üstəlik, dəyişikliklərlə Mərkəzi Bankdan tənzimləmə və nəzarət, eləcə də lisenziyalaşdırma səlahiyyətləri əlindən alınıb. Bu qanunun 49-cu maddəsinin də yeni redaksiyada verilməsi təklif olunur. Belə ki, bu maddəyə əsasən, bank sisteminin sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin maraqlarının qorunması məqsədilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində banklara kreditlər, o cümlədən subordinasiya kreditləri verə bilərdisə, bundan sonra bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.
990 dəfə oxundu