Badamdar, Əhmədli-Günəşli, Zığ və Masazırda sürüşmə aktivləşib
Bakı şəhəri və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində olan vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar müşahidə edilib, sürüşmə ərazisində ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsi su ilə tam doyaraq yamacboyu axıb.
O bildirib ki, Suraxanı rayonunda, Əhmədli-Günəşli arası sürüşmə sahəsinin kütləsi üzərində və istinad divarlarında olan çatların ölçülərində genişlənmə müşahidə edilib.
Ekspedisiya rəisinin sözlərinə görə, Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmənin dinamikasında nisbi aktivlik müşahidə olunub, torpaq və divarlarda çatların ölçüləri 1,2-2 sm genişlənib.
Ə. Qaralov qeyd edib ki, Masazırda sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 2 sm-ə qədər genişlənmələr müşahidə olunub: “Masazır qəsəbəsində, Mirzə İbrahimov küçəsi boyunca atmosfer yağıntılarının təsirindən 25-30 metr məsafədə uçqun baş verib. Hazırda prosesin dinamikasında aktivlik müşahidə olunur”.
922 dəfə oxundu