Nazirlik bu dərmanla bağlı xəbərdarlıq etdi
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Aktilize” dərman preparatı ilə bağlı yayılmış şikayətlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, son aylar Boehringer İngelheim şirkətinə bəzi ölkələrdən Aktilize 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub. Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir. Bu flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır.
Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb.
Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələki, dəqiq səbəb müəyyən edilməyib.
Nazirlik tibb müəssisələrinə "Aktilize" preparatının istifadə təlimatına ciddi əməl olunmasının vacibliyinə dair xəbərdarlıq edib.
Aktilize preparatının həyati vacibliyini nəzərə alaraq tibb müəssisələrində kifayət qədər preparatın ehtiyatının saxlanılması tövsiyə olunub.
Preparatın istifadəsi zamanı yaranan problemlərin şirkətə bildirilməsi xahiş olunur.
Yaranmış situasiyanın aradan qaldırılması üçün şirkət bu sahədə bütün tədbirləri gücləndirib.
Qeyd edək ki, Aktilize preparatı aşağıdakı hallarda trombolitik müalicə üçün göstərişdir:
- Kəskin miokard infarktı
- Qeyri-stabil hemodinamika ilə müşayiət olunan kəskin geniş ağciyər arteriyası emboliyası
- Kəskin işemik insult
Aktilize preparatı aşağıdakı dozalarda buraxılır:
Aktilize 10 mq:
1 flakon 10 mq alteplaza
1flakon 10 ml inyeksiya üçün su
Aktilize 20 mq:
1 flakon 20 mq alteplaza
1 flakon 20 ml inyeksiya üçün su
Aktilize 50 mq:
1 flakon 50 mq alteplaza
1 flakon 50 ml inyeksiya üçün su
1mq/ml konsetrasiyalı alteplaza məhlulu əldə etmək üçün :
10 mq Aktilize – 10 ml inyeksiya üçün suda həll edilir.
20 mq Aktilize – 20 ml inyeksiya üçün suda həll edilir.
50 mq Aktilize – 50 ml inyeksiya üçün suda həll edilir.
909 dəfə oxundu