Azıx mağarasında axtarış aparan 2 əcnəbinin adı “qara siyahı”ya salındı

Azıx mağarasında axtarış aparan 2 əcnəbinin adı “qara siyahı”ya salındı


Xarici İşlər Nazirliyi Ermənistan KİV-də bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması barədə məlumatlara münasibət bildirib

XİN-in mətbuat xidməinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo (Dr. Yolanda Fernandez-Jalvo, Museo Nacional de Ciencias Naturales), Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq (Dr. Tania King) və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus (Dr. Peter Andrews, Natural History Museum, London) bir müddətdir ki qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur: "Bu şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib, ölkəmizin müvafiq dövlət qurumlarının lisenziyası olmadan Azıx mağarası ərazisində qazıntı işləri aparır, bu zaman aşkar edilmiş tarixi və arxeoloji maddi mədəniyyət nümunələrini və ya onlara dair məlumatları Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar – gizli və aldatma yolu ilə keçiriblər. Onların bu kimi hüquqazidd əməlləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin də ciddi şəkildə pozulmasıdır. Bu kimi fəaliyyətləri ilə onlar beynəlxalq humanitar hüququ, YUNESKO–nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyası (Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention 1954) və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvesiyanın (Convention on the Means of Prohibiting and Preventing the Illicit Import, Export and Transfer of Ownership of Cultural Property 1970) müddəalarını da kobud şəkildə pozublar. 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin üzərinə “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəlik qoyur".

H. Hacıyevin sözlərinə görə, təəssüflər olsun ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyi, Böyük Britaniyanın Blandford Tarix Muzeyi öz əməkdaşlarının Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq konvensiyalara zidd əməllərinin qarşısını almaq üçün zəruri tədbirlər görmürlər: "Azıx mağaralarında aparılan qanunsuz tədqiqatların “rəhbərlər”indən biri Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyandır. Həmin şəxsin bu günlərdə rasizm xarakterli bəyanatla çıxış edərək Azıx mağarasından qanunsuz arxeoloji fəaliyyət nəticəsində tapılan və 7000 il yaşı olduğu iddia edilən DNT izinin müasir “erməni genetikasi” ilə uyğunluq təşkil etməsi barədə fikri dünya arxeologiya və antropologiya elminə qarşı təhqirdir, bütün mənəvi-etik çərçivələrdən kənardır. Ümumiyyətlə, Ermənistanın siyasi rəhbərliyi və elmi dairələrinin “erməni genetik kodlarına” bu dərəcədə aludəçiliyi yalnız alman faşistlərinin “ari irqi” kimi təhlükəli genetik maraqları ilə müqayisə oluna bilər.

Levon Yepiskopyanın rəhbərliyi altında bu əcnəbi vətəndaşların Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq apardıqları arxeoloji qazıntı işləri barədə Springer nəşriyyatı 2016-cı ildə “Azokh Caves and the Transcaucasian Corridor”(“Azox mağarası və Transqafqaz dəhlizi”) adlı kitab dərc edib.

Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan Respublikası beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhz edilməsi və mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir".

Bu kimi qanunsuz fəaliyyətlərinə görə Yolanda Fernandez-Xalvo Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryusun adları hələ bir müddət bundan əvvəl “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilib.

Bununla bərabər, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər də nəzərdən keçirilir. (lent.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...