Nazirdən etiraz: `İdmançıların günahı yoxdur`

Nazirdən etiraz: `İdmançıların günahı yoxdur`


Macarıstanın Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işinə başlayıb. Gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı konfransda “dopinq sahəsində son vaxtlar media və müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olan nöqsanların aradan qaldırılması üçün dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində dövlətlərin görməli olduğu işləri, “Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi”, “WADA ilə yanaşı yeni Müstəqil Test Qurumunun yaradılması” və s. kimi bir sıra mühüm məsələlərin müzakirəsi aparılır.

Gənclər vəİdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Azad Rəhimov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, WADA prezidenti Graig Reedie ilə görüşlər keçirib və dopinq sahəsində mövcud vəziyyəti müzakirə etmişlər. Nazir eyni zamanda Belarus, Rusiya, Macarıstan, Finlandiya və Ukraynalı həmkarları ilə görüşüb.

Konfrans zamanı nazir Azad Rəhimov çıxışında dopinqlə mübarizə sahəsində ölkədə görülən işlər, imzalanan qanunlar, Polşanın Anti-Dopinq agentliyi ilə aparılan sıx əməkdaşlıq haqqında məlumat vermiş, eyni zamanda WADA-nın son iclasında Azərbaycan Anti-Dopinq Agentliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verilən qərara öz mənfi reaksiyasını bildirib.

“Əziz dostlar, idmançı illərlə Olimpiya oyunlarına hazırlaşır. O bu oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alınması bildirilir. Bu idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahı yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyiq.”

Eyni zamanda, konfrans zamanı Avropa Şurasının İdman yarışlarının manipulyasiyasına dair Konvensiyasının həyata keçirilməsi, ratifikasiyası və xüsusilə Milli Platformanın yaradılması ilə bağlı ortaya çıxan çətinliklər və bunların aradan qaldırılması üçün Avropa Şurasının ölkələrə edə biləcəyi dəstək formaları ilə bağlı qarşılıqlı fikir mübadilələrinin də aparılması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, ölkəmiz Avropa Şurasının “İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nı 17 sentyabr 2014-cü il tarixdə İsveçrənin Makolin şəhərində keçirilmiş Avropa Şurasının idman nazirlərinin 13-cü Konfransı zamanı imzalanıb.

Konfransın gündəliyinə daxil edilmiş mühüm məsələlərdən biri də idmanda yaxşı idarəçiliyi dəstəkləmək üçün əhalinin bütün təbəqələrinin, xüsusilə gənclərin cəlb olunması və ölkələrin bu sahədə gördüyü tədbirlərlə bağlıdır.

“Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”nın imzalanması mərasimi də tədbir çərçivəsində nəzərdə tutulur. Azərbaycanın da həmin Konvensiyaya qoşulması üçün müvafiq işlər görülməkdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...