Deputat: “Vəzifə sahiblərinin 140-150 manatlıq ştatları ixtisar etməsi haqsızlıqdır ”

Deputat: “Vəzifə sahiblərinin 140-150 manatlıq ştatları ixtisar etməsi haqsızlıqdır ”


“Həlli vacib problemlərdən biri icbari tibbi sığorta ilə bağlıdır. Doğrudur, pilot layihə kimi iki rayonda bununla bağlı proses başlanıb. Amma əhalinin aztəminatlı təbəqəsini çox ciddi narahat edən bu problemin tez bir zamanda həll olunmasını istərdik”.

Deputat Jalə Əliyeva bu fikirləri Milli Məclisdə davam edən büdcə müzakirələri zamanı dedi. O, sosial evlərin tikilməsi ilə bağlı prezident sərəncamından irəli gələn məsələlərə icra strukturlarının həssas yanaşmasını zəruri saydı. Eyni zamanda məişət zorakılıqlarının artdığı bir zamanda sığınacaqların təşkili məsələsinə diqqət yetirməyə çağırdı. J.Əliyeva yükdaşımaları ilə bağlı görülməli olan işlərdən də bəhs etdi. Deputat Bakı dairəvi dəmiryolunun Bakı hava limanına qədər uzadılmasını da təklif etdi. Deputat öllkədə nəqliyyat sektorunun inkişafından da söz açdı: “Yükdaşımalar və bu sahədə əldə olunan dividentlər tranzit marşrutlardan faydalanmaq imkanı yaradır. Bundan istifadə üçün infrastruktur yaradılmalı, posedurlar sadələşdirilməlidir. Bu məsələlərin həlli xarici investorları artıra bilər. Beynəlxalıq nəqliyyat dəhlizlərinə çıxış xarici investorları özünə cəlb edən amillərdir. Nəqliyyat sektorunun inkişafı turizmə də öz təsirini göstərə bilər. Azərbaycan- İran dəmir yollarının birləşməsi. Bakı- Tbilisi - Qars dəmir yolunun işə salınması ölkəmizdə turizm sahəsinin inkişafına müsbət təsir göstərəcək”.

Deputat Tahir Rzayev “bəzi qüvvələrin büdcə ilə bağlı yaranmış çətinliklərdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını” söylədi. Bildirdi ki, torpağımızın böyük bir hissəsinin işğal altında olması, əkilib-becərilməməsi iqtisadiyyatımıza ciddi zərbə vurur. Ardınca deputat ölkədə aparılan ixtisarlara etiraz etdi: “Bəzi vəzifə sahiblərinin 140-150 manatlıq ştatları ixtisar etməsi düzgün hal deyil. Kitabxanaçının, xadimənin ixtisari haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Bahalı maşınlar alanlar, özlərinə xeyli sayda köməkçilər saxlayanlar büdcəyə qənaət etmirlər, əksinə, ona sayğısızlıq edirlər. Kasıb təbəqənin az maaşını kəsmək insafsızlıq olardı. Az maaşlı insanları ixtisar etməkdənsə, büdcədən qənaətlə istifadə etmək lazımdır”.

T.Rzayev dedi ki, bazar iqtisadiyyatına yaşıl işıq yandırılmalıdır: “ Özəl sektor inkişaf etdirilməlidir, xüsusilə tikinti sektoruna dəstək verilməlidir. Şəhər ətrafında müəyyən massivlər yaradıb orada insanlara fərdi yaşayış evləri tikmək, büdcəyə də əlavə gəlir qazandırmaq olardı. Gənclər Fonduna ayrılan vəsaitin bir neçə dəfə azaldılması yaxşı hal deyil, bu, minlərlə gəncin ümidinin qırılması deməkdir. Yaradılan bəzi regional idarələr yerli icra hakimiyyətlərini eşitmirlər, biz sərbəst qurumlarıq deyirlər. Belə hallara son qoyulmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...