`Ermənilərin `İsgəndər` sevinci başa çatdı` - General Aydəmirov
“Ermənilərin “İsgəndər” operativ-taktiki raketlərə malik olmalarını toy-bayram etmələri sona çatdı. Silahlı Qüvvələrimizin arsenalındakı ən müasir hücum və müdafiə silahları Ali Baş Komandan tərəfindən ordu qarşısında qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə imkan verir”.
Bunu sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov “İldırım” zenit-raket komplekslərinin hazırlıq vəziyyətinə gətirilərək döyüş atışlarının keçirilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, ərazimizi düşmənin mümkün hava hücumundan qorumaq üçün yaradılan eşelonlaşdırılmış müdafiə və digər kompleks tədbirlər istənilən addımın qarşısını almağa imkan verir: “Deyə bilərik ki, bu gün uğurlu atışları həyata keçirən və ilk atışdan hədəfi məhv edən “İldırım” kompleksi, eləcə də Azərbaycan Ordusunun arsenalında olan bu tipli digər müasir komplekslər erməni tərəfinin “İsgəndər” sevincinə son qoydu. Bu komplekslər sutkanın istənilən vaxtında, çətin iqlim və döyüş şəraitində, müxtəlif hündürlük və uzaqlıqda olan bir neçə hava hədəfini, eləcə də bütün aerodinamik, hətta taktiki, ballistik raketləri də aşkar və məhv etməyə qadirdir.
İndi tam əminliklə deyə bilərik ki, hazırda Azərbaycanın hava hücumundan müdafiə sistemi tək ölkənin işğal altındakı ərazilərini deyil, eyni zamanda Ermənistanın bütün hava məkanını da nəzarət altında saxlayır. Azərbaycan öz hava məkanını istənilən hücumdan müdafiə etməyi bacaracaq. Amma Ermənistanın bunu edə bilməsi çox böyük sual doğurur və real yanaşsaq, icrası da mümkün deyil. Düşmən onu da bilməlidir ki, Azərbaycanın sərəncamında olan yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik yüzlərlə digər raketlər işğal altındakı ərazilərdə və Ermənistanda istənilən hərbi obyekti darmadağın etməyə hazırdır”.
892 dəfə oxundu