Sosial evlərin ödənişi nə qədər olacaq?

Sosial evlərin ödənişi nə qədər olacaq?


Vətəndaşların uyğun qiymətə mənzil təminatı sahəsində 2020-ci ilədək geniş strateji hədəflər müəyyən olunub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Strategiyada 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 milyon və dolayı 81 milyon manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bunun gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir.

Aparılan hesablamalara görə, Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır. Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq.

Strateji Yol Xəritəsində əsas məqsədlər vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, xüsusilə azgəlirli ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, urbanizasiya prosesinə nəzarət imkanlarının genişləndirilməsi, tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi, tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi, dövlət vəsaitindən səmərəli istifadənin təmin edilməsi, ekoloji cəhətdən təmiz və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış massivlərinin tikilməsi, həmçinin şəhərsalma və tikinti sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsidir.

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqamları şərh edən iqtisadçı ekspert Vüqar Bayramov Publika.az-a bildirib ki, layihə sosial mənzil fondunun formalaşdırılması və vətəndaşlara uyğun qiymətə mənzil təminatının həyata keçirilməsini nəzərədə tutur:

“Strategiya daxilində aztəminatlı ailələrə birinci il 2 min mənzil, növbəti illərdə hər il 3 min mənzilin təklif edilməsi nəzərdə tutulur. Burada əsas hədəf mənzil təminatına dəstək verməkdən ibarətdir. Hər il 3 min mənzilin seçilməsində məqsəd inşaat sektorunda tikinti şirkətlərinə əlavə stimul olacaq. Çünki mənzilə illik təlabat 30 min ədəddir, sosial mənzillər illik təlabatın 10 faizini ödəyəcək. Bu faiz məhz inşaat şirkətlərinin tikinti sektoruna marağını azalmamasına şərait yaratmaqla yanaşı, bu sahədə rentabelliyə müsbət təsir göstərəcək. Sosial mənzil fondundan təklif edilən mənzillər 1,2 və 3 otaqlı olacaq. 3 otaqlı mənzillər 75 kv/metr, 2 otaqlı mənzillər 45-50, 1 otaqlı mənzillərin sahəsi isə 35 kv/metr-ə yaxın olacaq. İlkin qiymətlər də müəyyən edilib. 3 otaqlı mənzilə sahib olmaq üçün ayda 300-350, 2 otaqlı mənzil üçün 250, 1 otaqlı mənzillər üçün 180 manat aylıq ödəniş tələb ediləcək. Bu mənzil təminatına müsbət təsir göstərəcək. Xüsusən, aztəminatlı ailələr bu imkandan istifadə edərək mənzilə sahib olacaq”.

Bu mənzillərin yalnız Bakıda deyil, regionlarda tikiləcəyini deyən V.Bayramov bunun urbanizasiya problemini də həll edəcəyini vurğulayıb:

“Rayonlarda yaşayan vətəndaşlara öz rayonlarında mənzil almaq imkanı yaradılacaq”.

V.Bayramov strateji yol xəritəsində həmçinin inşaat sektoruna, yeni iş yerlərinin yaradılmasına da müsbət təsir göstərəcəyini deyib: “Strategiyaya əsasən inşa ediləcək mənzillər infrasturuktura yaxın yerlərdə tikiləcək. Məktəb, iş yerləri və digər obyektlərə rahat çıxış imkanı yaradılacaq. Dövlətin sifarişi əsasında tender yolu ilə mənzillərin inşaası nəzərdə tutulur. Tenderdə iştirak edən şirkətlər dövlət sifarişi ilə mənzil tikintisində iştirak edə biləcək. Birinci mərhələdə bu sahəyə 150 milyon manat vəsaitin ayrılacağını nəzərə alsaq, bu da tikinti şirkətlərinin bu imkandan faydalanmasına imkan verəcək. Bu da inşaat sektorunun canlanması, mənzilə olan ehtiyacın ödənilməsi baxımdan əlverişlidir”. (publika.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1019 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...