"Ölkədə dərman çatışmazlığı yaranıb, möhtəkirliyin faciəli nəticələri ola bilər"
"Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim".
"Aptekə dərman almağa girirəm. Satıcı xanımlar, az qala, fəryad qoparırlar. Deyirlər ki, "artıq iyirmi gündür ki, hec bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İs o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz? Adi sitramon, korvalol, valerian, vitaminlər... heç nə yoxdur. Xahiş edirik, bizə kömək edin!"
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
O qeyd edib ki, başqa bir neçə aptekdə də eyni fəryadı eşidib: "Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur".
F.Musatafa bildirib ki, dərman təchizatında ciddi dönüş yaradılmalıdır: "Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər".
906 dəfə oxundu