İspaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İspaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir


Fevralın 11-də Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilir. Bu müddət ərzində Azərbaycan və İspaniya arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri qurulub. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, turizm, humanitar, idman və digər sahələri əhatə edir.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Açıqlamada deyilir: “Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrimizin daha da inkişafına təkan verir. Hər iki ölkə birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin ölkələrimizin malik olduğu mövcud potensiala uyğun olaraq inkişaf etdirilməsi üçün əzmkarlıq nümayiş etdirir.

İnsanlararası təmasların artması, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qrupları ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayırlar.

İspaniya Türkiyə ilə birlikdə BMT-nin Sivilizasiyalar Alyansının təşəbbüskarıdır. Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq edir, beynəlxalq səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun və multikulturalizmin təşviqinə öz əsaslı töhfələrini verir.

Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə İspaniya hökumətinə və xalqına ən səmimi təbriklərimizi çatdırır və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyimizi ifadə edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
969 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...