İçdiyimiz su normala cavab verirmi - RƏSMİ ARAŞDIRMA APARILIB
Ötən il Azərbaycanda əhaliyə verilən içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzrə monitorinq davam etdirilib. APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, respublikanın 56 şəhər və rayon mərkəzinin su təchizatı sistemlərindən götürülmüş 570 su nümunəsi müayinə olunub, onların 7 faizi bakterioloji, 2,4 faizi fiziki-kimyəvi göstəricilərinə görə normalara cavab verməyib. Həmin göstəricilər 2015-ci ildə müvafiq olaraq 15,7 faiz və 3,3 faiz təşkil edib.
Kür və Ceyranbatan baş sutəmizləyici qurğularından 70 su nümunəsi müayinə olunub, onların bakterioloji göstəriciləri norma daxilində olub, 4,5 faizdə isə fiziki-kimyəvi göstəricilərinə görə normadan kənaraçıxma müşahidə olunub.
Bakı şəhərinin mərkəzi su anbarlarından və nasos stansiyalarından götürülmüş 1269 su nümunəsinin 3,5 faizdə bakterioloji göstəricilərin, 0,6 faizdə fiziki-kimyəvi göstəricilərin normadan yüksək olması aşkar edilib(2015-ci ildə müvafiq olaraq 5,2 faiz və 1,4 faiz).
Qeyd olunub ki, respublikanın sanitariya-epidemioloji xidmət tərəfindən hesabat ili ərzində 3 mindən çox yeyinti məhsulu orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji göstəricilərinə görə müayinə olunub. 141 məhsul nümunəsi mikrobioloji göstəricilərə görə normalara cavab verməyib. Bundan əlavə, radioloji göstəricilərinə görə 400-dən çox, toksikoloji göstəricilərinə görə isə 700-dən çox yeyinti məhsulu müayinə olunub.
835 dəfə oxundu