Banklarda hesabdan nağd pulun çıxarılmasına qoyulan qadağaya RƏSMİ AÇIQLAMA
"Bir sıra kütləvi informasiya vasitələrində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhduduyyətlərin qoyulması barədə xəbərlər dərc olunub. MBNP tərəfindən hər hansı bir qadağa və ya məhdudiyyət tətbiq edilməyib".
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Mətbuat xidməti BAKU.WS-in sorğusuna cavabında bildirib.
MBNP-dən verilən məlumata görə, 1 yanvar 2017-ci il tarixindən "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Həmin Qanunla vergi ödəyiciləri arasında nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər, habelə bu hesablaşmaların aparılmasında dair xüsusi rejim müəyyən edilib.
Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına banklardan nağd çıxarılan vəsaitlərin "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununa uyğunluq baxımından araşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi MBNP-na həvalə olunub.
Qanunun qüvvəyə minməsindən ötən iki ay ərzində MBNP tərəfindən yeni rejimin tətbiqi vəziyyəti ilə əlaqədar MBNP tərəfindən monitorinqlər aparılmışdır. Monitorinqin nəticəsi olaraq MBNP banklara əlavə tövsiyələr, xüsusilə açıq-aşkar iqtisadi məqsədi olmayan əməliyyatların monitorinq rejiminə əməl olunmasına dair tapşırıqlar verib.
Maliyyə Bazarlarına Nəzarət Palatası həmçinin, biznes subyektlərini "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə dəvət edir.
786 dəfə oxundu