"50-60 ildir burda yaşayırıq, deyirlər, ‘çıxın gedin hardan gəlmisiz ora’... " - ŞİKAYƏT
“Kolxoz vaxtı burada həm işləyirdik, həm də daldalanacaqlarda qalırdıq. Kolxoz dağıldı, hərə özünə ev tikdi, heyvandarlıq təsərrüfatı yaratdı. Ailə təsərrüfatlarımızı genişləndirdik, burada kök saldıq. İndi deyirlər, ‘çıxın gedin 50 il əvvəl gəldiyiniz yerə, burada pambıq əkəcəyik’”. Neftçalada 50 ildən çoxdur insanların məskən saldıqları “Mal obası” deyilən ərazidə də pambıq əkilməsi nəzərdə tutulub. Bunu həmin ərazidə yaşayanlar deyir.
Tələt Məmişov 50 ildən çoxdur ki, burada köç salıb, nəsil-nəcabət artırıb. Deməsinə görə, burada yaşayanlardan gah pambıq əkməyi, gah da köçüb getməyi tələb edirlər:
“O günlərdə icra hakimiyyətindən gələn adam deyir, ‘istəsəniz, Neftçalada qalıb, burada əkiləcək pambıq sahəsində işləyə bilərsiz’. Bəs ev-eşiyim, bu qədər heyvanım necə olsun? Deyirlər, burda qanunsuz yaşayırsız. Ay evi tikilmişlər, başqa ölkədə bu qədər əhalisi olan yerə qəsəbə statusu verərdilər. Bu qədər ev-eşiyi qanunsuz tikib yaşamaq olardı? Deyir, ‘burax qoyunu, quzunu, gəl pambıq ək’. Ay başına dönüm, mən ömrümdə bir dəfə pambıq əkməmişəm, toplamamışam. 22 yaşından burda kolxozda, sovxozda çalışmışam. Əsas da qoyunçuluqla məşğul olmuşam. Yaşım 70-i ötüb. Bundan sonra mənim pambıq toplayan vaxtımdır?”
“Mal obası”nda yüzlərlə ailə yaşayır. Bu ailələr Sovet vaxtı, əsasən, Lerikdən buraya çobanlıq etməyə gələnlərdir. Məsələn, Tələt Məmişov vaxtilə buraya tək gəlib. İndi nəvəli-nəticəlidir: “Tək gəlmişdim, sonra evləndim, 8 övladım oldu, onları da evləndirmişəm, nəvələrim var, bu gün-sabah iki nəvəmi köçürəcəm. O vaxtlar çoxu bura çobanlıq etməyə gələndə mənim kimi subay-sultan oğlan olub, burada ailə təsərrüfatları yaranıb, çoxalıb, genişlənib. Kolxoz dağıldı, elə burada yaşamağa davam elədik, müvəqqəti daldalanacaqların yerində ev-eşiyimizi, həyət-bacamızı qurduq. İndi bura qəsəbəyə bərabər yerdir”.
Burada yaşayan keçmiş çoban Cəsarət İmanov deyir, bu yaxınlarda Neftçala rayon icra hakimiyyətinin nümayəndələri əraziyə gələrək burada yaşayanlara bildiriblər ki, təsərrüfat təyinatlı torpaqlardakı evlər qanunsuz tikilib. Sökülməlidir və torpaqdan təyinatı üzrə istifadə olunmalıdır. Bu da ərazidə yaşayanları narahat etməyə başlayıb:
“50-60 ildir burda yaşayırıq, deyirlər, ‘çıxın gedin hardan gəlmisiz ora’... Mən bura çobanlığa gələndə əsgərlikdən təzə qayıtmışdım. Kolxoz dağılandan və yaşayışımı burada möhkəmlədəndən sonra Lerikdəki bacılarımı, anamı da yanıma gətirdim. Nəvələrim də var, hərəsi bir ali məktəbdə oxuyur. Lerikdə heç kimim qalmayıb. Bu yaşdan sonra hara gedək?”
Neftçala rayon icra hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazidə tikilmiş evlər sənədsiz, insanların məskunlaşması qanunsuzdur: “Əvvəla, o ərazilərdə yaşayanların qeydiyyatları başqa rayonlaradır - əksəriyyəti də Lerikə... İkincisi, o ərazilər kənd təsərrüfatı torpaqlarıdır, Nazirlər Kabinetinin sənədi-sübutu var. İnsanlar orada heyvandarlıqla məşğul olmaq adı altında qanunsuz tikintilər aparıblar. Halbuki, dəfələrlə xəbərdarlıq olunub ki, olmaz. İndi Neftçalada da kənd təsərrüfatı təyinatlı və yararlı torpaqlarda pambıq əkilir. O torpaq sahələri də pambıq əkilməsi üçün münbit hesab olunur”.
Bir sözlə, “Mal obası”ndakı yüzlərlə ailənin aqibəti sual altına düşüb. Sakinlər vaxtilə evlərini sənədləşdirmək üçün müraciət etdiklərini, lakin onlardan rüşvət istənildiyini deyirlər. Rəsmi qurumlarsa kənd təsərrüfatı təyinatlı ərazilərə fərdi yaşayış üçün tikinti aparılmasına sənəd düzəltməyin mümkün olmadığını bildirirlər.
Hüquqşünas Vaqif Alıyev deyir, əgər ərazidə yaşayış massivi salınıbsa, insanları oradan köçürmək çox gecdir. “Bu halda Nazirlər Kabinetinə müraciət olunmalı, torpaqların təyinatı dəyişdirilməlidir. İmtina məktubu əsasında məhkəməyə müraciət olunmalıdır, - hüquqşünas bildirib.
805 dəfə oxundu