“Unun qiyməti 30 faiz bahalaşacaq”- VAHİD MƏHƏRRƏMOV
“Son bir neçə ildə taxılçılığın inkişaf etdirilməsi adı ilə davamlı olaraq dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaitləri ayrılır”.
Gununsesi.info xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib. Onun sözlərinə görə, buğda və çəltik istehsalı üçün dövlət büdcəsindən hər hektara görə 90 manat subsidiya ayrılsa da Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir: “Ölkənin cəmi 1,4 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbat tam olaraq idxalın hesabına ödənilir. Baxmayaraq ki, Kənd Kəsərrüfatı Nazirliyi ölkədə 1 milyon 800 min tondan çox buğda istehsal olduğunu iddia edir, hər ildə Azərbaycana 1,4-1,6 milyon ton buğda idxal olunur. Ölkəyə buğda əsasən, Rusiyadan idxal edilir.
Dövlət büdcəsindən həmçinin, toxumçuluğun inkişafına, xaricdən mineral gübrələrin alınaraq ölkəyə gətirilməsinə, texnika ilə bağlı problemlərin həllinə külli miqdarda maliyyə vəsaiti ayrılır. Ölkəyə son zamanlar dövlət hesabına Avropa istehsalı, təxminən hər birinin qiyməti 100 min avro olan taxılbiçən kombaynlar alınaraq gətirilib. Lakin bütün bunların müqabilində taxılçılıq sahəsində geriləmələr müşahidə edilir”.
V.Məhərrəmovun fikrincə, dövlət büdcəsindən sahənin inkişafı üçün ayrılan vəsaitlərin mənimsənildiyi faktlar aşkar edildi: “Dövlət başçısı da keçirdiyi müşavirələrdə dəfələrlə belə faktların olduğunu etiraf edib. Fermerlərə çatan az miqdarda maliyyə vəsaiti isə sahənin normal inkişafı üçün yetərli deyil. Ona görə ki, son bir neçə ildə istehsal vasitələrinin qiymətləri kəskin şəkildə artıb. Dizel yanacağının, benzinin, texnikanın, mineral gübrələrin və pestisidlərin qiymətləri artdığı halda bu sahədə məhsuldarlığı artırmaq mümkün olmayıb. Taxıl istehsalı ilə məşğul olan fermerlər üçün dövlət büdcəsindən ayrılan sübsidiyanın həcmi optimal şəkildə artırılmalıdır”.
Mütəxəssisin sözlərinə görə, toxumçuluğun inkişafı üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır: “Lakin ayrılan vəsaitlər haralarda ilişib qalırsa, toxumçuluğun inkişafını stimullaşdırmır. Keyfiyyəti toxum çatışmazlığı çox ciddi problem yaradır. Fermerlər keyfiyyətli toxum materialı əldə edə bilmirlər, adi taxıl dənindən toxum kimi istifadə edirlər. Bu da məhsuldarlığa və məhsulun keyfiyyətinə mənfi təsir edir. Nəticədə əldə olunan məhsul ərzaq buğdası kimi tələb olunmur. Hərçənd ki, Nazirlər Kabineti tərəfindən Dövlət Taxıl Fonduna hər il 750 min ton buğda qəbul etmək haqqında qərar verilib. Ancaq apardığımız araşdırmalardan məlum oldu ki, ehtiyat fondu, əsasən, idxal hesabına formalaşır. Bu, fermerləri həvəsdən salır. Onlar istehsal etdikləri məhsulu məcburiyyət qarşısında qalıb heyvandarlıqda yem kimi istifadə edirlər. Beləliklə əldə etdikləri məhsulu daxildə tələb olunmadığı üçün ucuz qiymətə heyvandarlıqla məşğul olan sahibkarlara təklif edirlər.
Nəticə yaxşı deyil. Çünki buğda istehsalı, ümumiyyətlə taxılçılıq ölkəmiz üçün strateji əhəmiyyət kəsb etməlidir. Biz müharibə şəraitində yaşayırıq, digər tərəfdən isə bu sahədə problemlərimiz var. Problemi həll etmək üçün idxalı azaldıb, daxili istehsala üstünlük verməliyik. Çörək əhalinin əsas qidasıdır. Ümumiyyətlə, taxıl təkcə çörək demək deyil, bu həm də ət, süd, yumurta, makaron, verməşil, düyü və digər qida məhsulları deməkdir. Əhalinin istifadə etdiyi ərzaq mallarının əksəriyyəti taxıl məhsullarından birbaşa və dolayısı ilə əldə olunan qida məhsullarıdır. Mövcud olan problemlərin öz həllini tapmaması fermerlərin sahəyə marağının get-gedə azalmasına yol açır. Fermerlərin əldə etdikləri gəlirlər verilən subsidiyaların hesabına formalaşır. Apardığımız hesablamalara əsasən, əldə olunan 20 sentiner məhsul yalnız 1 hektar üçün çəkilən xərcin ödənilməsini təmin edir. Əlbəttə xərcin çox, gəlirin az olması sahədə riski artırır, bu da fermerləri ruhdan salır, nəticədə get-gedə əkin sahələri azalır”.
V.Məhərrəmov deyir ki, əksər fermerlər sözügedən sahədən yaxşı gəlir əldə edə bilmirlər: “Fermerlərin bir çoxu banklardan kredit götürürlər. Banklar isə kreditləri yüksək faizlə verirlər. Kənd təsərrüfatı məhsulu istehsal edənlərin əksəriyyəti ümumi kredit şərtlərinə uyğun olaraq, maliyyə vəsaiti əldə edə bilirlər. Faizlər də təxminən 24-33% arasında dəyişir.
Onu da qeyd etməliyəm ki, qonşu Gürcüstanda və Ermənistanda kənd təsərrüfatı məhsulu istehsalçılarına təklif oluna kreditlər 14 faizdən yüksək deyil. Belə olan halda bizim fermerlər yaxşı gəlir əldə edə bilməmələrinin qarşılığında, bu sahənin rentabelliyinin də aşağı olmasına görə, zərərə məruz qalırlar. Fermerlərin keyfiyyətli toxuma, suvarma suyuna, texnikaya, keyfiyyətli mineral gübrəyə olan ehtiyacları vaxtlı-vaxtında ödənilmir. Bütün bu problemlərə görə, fermerlər aqrotexniki qaydalara vaxtında əməl edə bilmirlər. Azərbaycanın taxılçılığın inkişafı üçün geniş imkanlar və lazımı resurslar mövcuddur.
Yetər ki, aidiyyətı qurumların sahəyə diqqəti artırsın. Xatırladım ki, dünya bazarında 1 ton ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabr ayında 122,8 dollar, 2017-ci ilin yanvar ayında 137 dollar olduğu halda, bu gün 180 dollar təşkil edir. Bu o deməkdir ki, idxal olunan buğdadan alınan unun qiyməti ən azı 30 faiz bahalaşacaq”.
907 dəfə oxundu