İslam Həmrəyliyi oyunlarında iştirak edən tələbə-könüllülərə tədrislə bağlı güzəşt olunacaq
IV İslam Həmrəyliyi oyunlarında iştirak edən tələbə-könüllülərin tədrisi ilə bağlı ali məktəblərdə güzəştlər ediləcək. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Firudin Qurbanov mətbuat konfransında bildirib ki, İslamiadanın məşq proseslərində iştirak edən könüllər bəzi dərslərdə, tədris prosesində iştirak edə bilməyiblər. Onun sözlərinə görə, bununla bağlı nazirliyin bütün təhsil ocaqlarına tapşırıq və tövsiyələri olub ki, könüllülərin iştirak etmədikləri dərslərdə qayıbları üzrləri hesab edilsin.
Nazir müavini qeyd edib ki, kurs işi, diplom işinin müdafiəsində iştirak edə bilməyən könüllü-tələbələr üçün əlavə vaxt ayrılacaq: “Bu çətinlik əsasən IV kursda olub, çünki İslamiadanın məşqləri onların imtahan sessiyası dövrünə düşüb. Bu prosesin hamısı tənzimlənəcək. Ali məktəb rəhbərlikləri bu barədə məlumatlıdır və lazımi işlər görüləcək. Ölkə üçün siyasi, iqtisadi, mədəni əhəmiyyət daşıyan mötəbər yarışda iştirak edən tələbə-könüllülərə bütün lazımi güzəştlər göstəriləcək”.
F.Qurbanov əlavə edib ki, bu tədbirə daha çox Bakının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri cəlb edilib. Onun sözlərinə görə, bu yarışlarda Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Texniki Universitetin tələbələri üstünlük təşkil edib: “Könüllülərin mötəbər tədbirlərdə iştirakı onlar üçün məktəbdir. Onların təcrübəsi, dünyagörüşü artır, könüllüləri cəlb edərək müəyyən xüsusiyyətləri nəzərə alınır”.
766 dəfə oxundu