Gözdən əlillər etiraz edir: “Sədr əmlakımızı satır, bizə ancaq vəd verir...” – QARŞILIQLI İTTİHAMLAR
“Səmiyar Abdullayev 2002-ci ildən bəri Gözdən Əlillər Cəmiyyətinə rəhbərlik edir. 15 ildir ki, mərhələli şəkildə cəmiyyətə məxsus əraziləri satıb. Biz - gözdən əlillərin son ümid yeri olan Nərimanov rayonu, Faiq Yusifov 40 ünvanı da qanunsuz satıb. 2015-ci ildə sözügedən ərazinin yaxınlığında dövlət tərəfindən tikilən binanın açılışında prezident İlham Əliyev demişdi ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, biz sosial layihələrimizi davam edəcəyik”.
Bu sözləri Lent.az-a Gözdən Əlillər Cəmiyyətinin üzvü Anar Ömərov deyir. Onların iddiasına görə, cəmiyyətin sədri Səmiyar Abdullayev ərazini 2014-cü ildən satsa da, bu məlumatı gizli saxlayıb. Bu haqda məlumatı cəmiyyətin üzvlərinə Nazirlər Kabinetindən veriblər.
- Yüzlərlə gözdən əlilin son ümid yeri bu ərazidir. Yüzlərlə insanın ümidi satılıb. Qanunla ictimai birliklərə, QHT-lərə məxsus ərazi satıla bilməz. Tikintini “Sevinc” MMC aparır. Əvvəl bizə dedilər ki, guya burada tikilən binada 25-30 əlilə mənzil veriləcək. Onlara təzyiqlərimizi davam etdirdiyimi görüb, sayı 75-ə qədər artırdılar. “Sevinc” MMC-nin rəhbərliyi üzə çıxmır, ancaq biz öz sədrimizdən tələb edirik ki, bu ərazi nə üçün satılıb? İndiyə qədər Səmiyar Abdullayevlə aparılan danışıqlar nəticəsiz qalıb. Narazı insanlardan özünə yaxın olanları necəsə ələ alıb, razı salıb. Təəssüflər olsun, onlar da susublar.
Məsələyə aydınlıq gətirmək üçün yuxarıda deyilən ünvana yollandıq. 3-4 ha ərazi hasarlanıb, ərazidəki köhnə tikililər sökülüb və qazıntıya başlanılıb.
Cəmiyyət digər üzvi Famil Hacıyev sovet dövründə F. Yusifov 40 ünvanında cəmiyyətin istehsalat sahələri olduğunu deyir:
- Bu istehsalat sahələrini tədricən ölü vəziyyətinə gətirdilər. 2013-cü ildə cəmiyyətin sədrinin qəbulunda olanda bu ərazidə yenidən istehsalat sahələrinin tikiləcəyini və cəmiyyətə gəlir gətirəcəyini demişdi. Səmiyar Abdullayev müsahibələrində iddia edirdi ki, 2014-cü ildən burada təmizləmə gedir. Biz də gözəyirdik ki, burada hansısa istehsalat müəssisəsi olacaq. Sonradan bildik ki, “Sevinc” MMC ilə müqavilə bağlanılıb ki, burada bina tikilsin.
Cəmiyyətin üzvlərini narahat edən əsas məqam “Sevinc” MMC ilə Gözdən Əlillər Cəmiyyəti arasında bağlanan müqavilədir. Çünki müqavilənin şərtləri cəmiyyətin sədri tərəfindən gizli saxlanılır, açıqlanmır.
- Nazirlər Kabinetindən bizə bildirdilər ki, ilkin müqavilə bağlanılıb, Hacıbala Abutalıbov da tikinti haqqında sərəncam verib. Bizim cəmiyyətin nizamnaməsində göstərilir ki, cəmiyyətin balansında olan əmlak satıla, ya özəlləşdirilə bilməz. Bu ərazi də cəmiyyətin balansındadır. Ola bilsin, çıxarılıb. Bizim əlimizdə çıxarılması ilə bağlı məlumat yoxdu. Çıxıbsa da, qeyri-qanunidir.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. Nazirlikdən onlara cavab verilib ki, tikiləcək binadan gözdən əlillərə 75 ev veriləcək. Lakin onlar bu vədə inanmırlar. Çünki...
- C.Hacıbəyli 40 ünvanın yerləşən 1736 kv.m. torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi üçün GƏC-in istifadəsinə verilib. Bununla əlaqədar tikintinin aparılması üçün “İnter-ST” MMC ilə müqavilə bağlanılıb. Müqavilənin bağlanması haqda cəmiyyət üzvlərindən kimsənin xəbəri olmayıb. S. Abdullayev bizə bildirmişdi ki, tikilməkdə olan yaşayış binasından 200 kv. m. Yer alıb, gələcəkdə mətbəə kimi istifadə ediləcək. Sonradan məlum oldu ki, Abdullayev öz şərikliyi ilə burada 2 ədəd 18 mərtəbəli bina tikdirib. Həmin ərazi cəmiyyətin balansında olsa da, heç bir gözdən əlilə bu mənzillərdən verilmədi.
Cəmiyyətin bir qrup üzvü bu barədə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə cəmiyyətin sədri Səmiyar Abdullayevin GƏC-ə məxsus digər mülklərin də qanunsuz yolla özəlləşdirilməsində birbaşa iştirak etdiyi qeyd edilib:
““Ağa Nemətulla 117 ünvanında yerləşən “Səbinə” kooperativinin avadanlıqları və ərazisi satılıb. Nəticədə, 2007-ci ildə “Şınıx” MMC-yə həmin qeyri-yaşayış sahəsində mülkiyyət hüquqlarının əldə edilməsinə dair şəhadətnamə verilib.
C. Cabbarlı 31-də yerləşən “Mərhəmət” mağazası da satılıb.
Bakı şəhəri, Ş. Qurbanov 25 ünvanında yerləşən GƏC-in Mədəniyyət Evi ilə bağlı 2003-cü ildə S. Abdullayevin 1/74 saylı məktubu ilə icarə münasibətlərindən imtina edilib.
Ü. Hacıbəyli 10-da yerləşən cəmiyyətin Mərkəzi Mədəniyyət Evi hərraca çıxarılaraq, satılıb.
Nərimanov rayonu, Faiq Yusifov 45A ünvanında cəmiyyət üçün tikilmiş binanın yanındakı çoxmərtəbəli yaşayış binasından 3 birotaqlı, 6 üçotaqlı mənzil kənar şəxslərə satılıb”.
Müraciətə 150-yə yaxın üzv imza atıb. Onlar Faiq Yusifov 40 ünvanında yerləşən ərazinin Üzeyir Hacıbəyli 40 ünvanı ilə eyni taleyi yaşamaması üçün mübarizə apardıqlarını deyilər. Əsas istəkləri illərdi şəraitsiz yataqxanada ev növbəsi gözləyən, əlillik puluyla kirayə haqqını ancaq ödəyən gözdən əlillərin evlə təmin olunmasıdır. Son ümidləri İlham Əliyevdir.
Ev növbəsində təqribən 400-500 gözdən əlil var. Onların bir qismi Bakıda gözdən əlillər üçün yataqxanada qalır. “Yataqxana” dediyimiz, 5 mərtəbəli binanın birinci mərtəbəsidir. Sakinlərin sözlərinə görə, sovet dövründə bura trestin olub. 90-da bir qrup evsiz gözdən əlil buranı öz gücünə zəbt edib. O vaxtdan bəri yataqxana kimi istifadə olunur.
16 mənzilli yataqxananın qaranlıq dəhlizindən keçib gözdən əlillərin qaranlıq dünyasına daxil oluruq. Nağara səsi gəlir. Səsi tutub gedirik. Bizi görüb dayanırlar. Söhbətləşirik. 4 oğlan bir balaca otaqda qaldıqlarını deyir. Ali təhsili olsalar da işsizdilər. Bekarlıqdan çalıb-oynayırlar.
İddialarına görə, iş üçün müraciət edəndə rüşvət istəyirlər. İmtahan verib qəbul olanda da rayonlara düşürlər. Nabələd yerdə işləmək isə onlar üçün çox çətindir. Yol-iz bilmirlər.
“Gözdən əlillər üçün yeganə məktəb Bakıda var. Paytaxta gəlib çıxa bilən təhsil alıb birtəhər ağ günə çıxa bilir, gələ bilməyən əlil kəndə qalıb, daha da əlil olur” - deyə əlavə edirlər.
Şahin Ələkbərov uzun müddət kirayə yaşayıb. 2015-ci ildə yataqxanadakı sakinlərdən biri yeni mənzillə təmin edildikdən sonra yataqxanaya köçüb. 1 ilə yaxındır ki, ailəsi ilə birgə burada yaşayır. Özü, həyat yoldaşı və qızı gözdən əlildir. Mənzil şəraiti acınacaqlı vəziyyətdədir. Evin döşəməsi çöküb, divarları kif bağlayıb. Ev növbəsindədir.
Duymaq hissi güclü olduğundan gözdən əlillərin əksəriyyətinin musiqi təhsili var. Nağara çalan kim, sintezatorda ifa edən kimi, oxuyan kim. Aralarında restoranda özünə iş tapan şanslı sayılır. Vahid Əliyev kimi. 3 aylıq körpəsi var. Həyat yoldaşı da gözdən əlildir. Bu yaxınlarda övladlarının da gözdən əlil olduğunu öyrəniblər. Kirayənişin qalırlar. Dövlət tərəfindən verilən aylıq müavinətlə kirayə pulu verirlər. Toylardan qazandığı pulla ailəsini saxlayır. O da ev növbəsindədir.
Bakıda evi olmayan gözdən əlillər Sumqayıtda qalır. Kirayə pulu ucuz olduğundan. Xanım Əhmədova da onlardan biridir. O da digər gözdən əlillər kimi, sözügedən ərazidə tikintinin özəl şirkət tərəfindən aparılmasına narazılıq edir. Subay olduğu üçün cəmiyyətin sədri ev düşmədiyi deyib.
Vəfadar Novruzov düşünür ki, cəmiyyətə məxsus ərazini biznes maraqlarına qurban vermək gözdən əlillərin həyatına təcavüz etməkdir.
Kifayət Mürsəliyeva digər gözdən əlillər kimi Faiq Yusifov 40 ünvanında tikinti dövlət tərəfindən aparılmasını və mənzillərin ev gözləyən əlillər arasında ədalətli şəkildə paylanmasını istəyir.
***
Lent.az bu vəziyyətlə və səslənən ittihamlarla bağlı Cəmiyyətin sədri Səmiyar Abdullayevlə də əlaqə saxlayıb. Sədr ittihamları rədd edir:
- Gözdən Əlillər Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsinə investisiya cəlb etmək hüququ var. Biz də bunu özbaşına etməmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qurumlarından dəstək istəmişik, onlar da dəstək göstərib. Tikintini özəl şirkət həyata keçirir. Şirkət tərəfindən bizə 75 mənzil və 700 kv.m. qeyri-yaşayış sahəsi veriləcək. Bütün maliyyə xərclərini şirkət ödəyəcək. Dövlətin və cəmiyyətin orda vəsaiti yoxdur. Bütün sənədləşmələr cəmiyyətin adındadır. “Sevinc” MMC-nin adına sərəncam yoxdur. Cəmiyyət müqavilə bağlayıb, ərazi verib ki, 1-2 ilə bu layihə həyata keçirilsin. Mənzillər Bakıda mənzil növbəsində olan Gözdən Əlillər Cəmiyyətinin üzvləri arasında paylanacaq. Hələlik 3 bloklu bina tikiləcək. Heç bir qanun pozuntusu yoxdur, istənilən vaxt sənədləri mətbuata təqdim etməyə hazıram. Onlar nə vaxt mənə yaxınlaşdılar, sənədi təqdim etmədim?! Keşlə qəsəbəsində də yerimiz var. Danışıqlar aparıram ki, orda da şirkət hesabına bina tikilsin. 2020-ci ilə qədər Bakı şəhərində olan gözdən əlillər evlə təmin olunsun. Bu gün həqiqətən mənzilə ehtiyacı olan 200-250 gözdən əlil var. Amma ümumi növbəlikdə 500-ə yaxın adam var. Bir adama neçə dəfə mənzil vermək olar? Mənzil veririk, satıb yenidən növbəyə dururlar. Famil Hacıyevə cəmiyyət tərəfindən Günəşli qəsəbəsində 1 otaqlı ev verilmişdi. 2008-ci ildə onun 1 otağını 3 otaqlı ilə əvəz etdik. 2011-ci ildə təkrar mənzil növbəsinə durub.
- Qarşı tərəf iddia edir ki, C.Hacıbəyli 40 ünvanın yerləşən torpaq sahəsində tikilən binadan gözdən əlillərə mənzil verilməyib.
- Heç bir əlilə o binadan ev verilməsi söhbəti olmayıb. 2008-ci ildə Nərimanovda 90 mənzilli bina istifadəyə vermişik. Ora Dövlət Əmlak Komitəsinin əmlakı olub. Sadəcə, biz istifadəçisi olmuşuq. Şirkət bizə qeyri-yaşayış sahəsi verib, həmin sahəni istifadə edirik. Hər yeri evə çevirsək, təşkilatın gələcəyi necə olacaq? Ev veririk, 1-2 il sonra satıb, gəlib düşürlər üstümüzə ki, bizə ev ver! Dəfələrlə cəmiyyət haqda şikayət olunub, prokurorluq yoxlama aparıb. Şikayətin heç bir əsası tapılmayıb. Kifayət xanımı yeni mənzillə təmin etmişik. Hətta evinin əşyalarının alınmasına qədər kömək etmişik. Bundan artıq insana nə edərlər?!
***
Beləliklə, tərəflər bir-birini ittiham edir, illərdir fəaliyyət göstərən bir Cəmiyyətin daxilində isə gərginlik hökm sürür. Kimin haqlı olduğunu isə qanunlar və aidiyyatı qurumlar üzə çıxara bilər...
968 dəfə oxundu