Ermənistanda Hərbi Polisin rəisi işdən qovuldu - Gizli Qarabağ müzakirəsi
Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib.
AzVision.az "Joğovurd"a istinadən xəbər verir ki, görüşün detalları gizli saxlanılır.
Görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.
Bununla yanaşı münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyətin aktivliyinin artması və son günlər Ermənistan ordusunda ölüm hallarının kəskin artması Sarkisyanın danışıqlar mövzusu olub.
"Joğovurd"un verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrində baş verən hadisələrlə əlaqədar görüşdən sonra yerdəyişmələr edilib. Belə ki, hərbi polis rəisi Samvel Qukasyan işdən azad edilib.
Bildirilib ki, onun vəzifədən kənarlaşdırılması erməni əsgərlərin Qarabağda su anbarında boğulmasına görədir.
Ermənistan Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə Serj Sarkisyanın mühafizə xidmətinin rəisi Hraçya Harutyunyanın müavini Artur Bağdasaryan təyin edilib.
710 dəfə oxundu