Xalq artistinin qardaşı 40 minlik dələduzluqda ittiham olunur
Xalq artisti Zaur Rzayevin qardaşı Mahir Rzayevin dələduzluğu ilə bağlı iddia yayılıb.
Bu barədə “Qafqazinfo”ya Hacıqabul rayonu Meyniman kənd sakini xanım Rövşan Talıbova şikayət edib. O qeyd edib ki, Mahir Rzayev ondan ərinin həbsdən çıxarmaq adı ilə 40 min manat pul alıb: “Həyat yoldaşım Əlizaman Bağırov ötən ilin iyul ayında narkotik əkmək üstündə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Şüvəlanda həbsdə yatarkən Mahir Rzayevin oğlu Ramsan Rzayev də onunla birgə həbsdə olub. Ramsan həyat yoldaşıma deyib ki, atasının və əmisi Zaur Rzayevin əli ilə onu həbsdən azad edə bilər. Baş Prokurorluqda adamları var. Biz də həmyerlimiz olduğu üçün onlara inandıq.
Əlizaman xəstədir, gözləri narahatdır. İndi bir səhvdir edib, istədik ki, onu qurtaraq. Kasıb adamlarıq. Mal-qaramızı, maşınımızı, torpağımızı, qızılllarımızın hamısının satdıq. Banka borca girdik.
Sentyabrın 12-də “Azneft”də Mahir Rzayevlə görüşüb ona ilk dəfə 32 min manat pul verdim. Sonra isə ikinci görüşdə daha 8000 manat verdik. Pulu alandan sonra isə heç nə etmədi. Deyir ki, kimə şikayət edirsinizsə edin, mənim Baş Prokurorluqda adamım var, pulunuzu da qaytaran deyiləm.
İndi borc yiyələri qapımızdan əl çəkmir. Baş Prokurorluğa da müraciət etmişik. İstəyirik ki, pulumuzu qaytarsın, borcları ödəyək. Onunla danışarkən səs yazılarımız da var. Özüm də hepatit xəstəsiyəm, oğlanlarım əlildir. Məcbur qalıb yaşadığımız evi də borc yiyələrinə görə satışa çıxartmışıq”.
“Qafqazinfo” məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də öyrənib. M. Rzayev məsələyə qısa reaksiya verib: “O iş istintaqdadır. İstintaq onunla məşğuldur. Mən Rövşan Talıbova ilə bu məsələ barəsində danışmışam. Özümüz məsələni həll edəcəyik”.
1060 dəfə oxundu