Azərbaycanlı ilahiyyatçıdan ilginc şərh: "Allah başqa "adəmlər", "həvvalar" yaradıb"
Qohum evlilikləri hər zaman müzakirə mövzusu olub. Bəziləri yaxın qohumların evlənməsinə qarşı çıxsa da, bir çoxları bunu normal qəbul edir. Əvvəllər də, indi də Azərbaycanda bu cür evliliklərə çox rast gəlirik, özü də həddən artıq çox.
Bu məsələlə tibb elm üz-üzə gəlir. Əksər həkimlər, elm adamları yaxın qohumlar (qan qohumları) arasındakı evliliklərdən dünyaya gələn uşaqlarda müxtəlif genetik, fiziki və psixoloji problemlərin olmaq ehtimalını yüksək qiymətləndirir və bu kimi evliliklərdən yayınmağı məshələt görür. Dində isə bununla bağlı heç bir qadağa yoxdur. Bir sözlə həkim və elm adamlarının məshələtləri böyük əksəriyyət üçün heç bir əhəmiyyət kəsb etmir.
Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğluna bu günlərdə verilən bir sual bu məsələni yenidən gündəmə gətirib. İlahiyyatçı "Əmi oğlu ilə evlənmək günahdırmı" sualına belə cavaö verib: "Əmi oğlu, xala oğlu, dayı oğlu və s. qohumlarla evlənmək günah deyil, caizdir".
"Bəziləri iddia edir ki, bəşər tarixi Adəm və Həvvanın övladlarından yaranıb. Yəni bacı-qardaş münasibətləri nəticəsində nəsil davam etdirilib"
Nihat Hatipoğlunun bu cavabı birmənalı qarşılanmayıb və sosial mediada tənqidlərə məruz qalıb. Onun bu fikriylə bağlı azərbaycanlı ilahiyyatçı Elşad Mirinin münasibətini öyrəndik. İlahiyyatçı bildirdi ki, dində qohum evliliklərinə qadağa yoxdur:
"Hazırda Azərbaycanda cütlüklər evlənməzdən əvvəl tibbi müayinədən keçir və hər hansı xəstəlik daşıyıcısı olub-olmadıqları müəyyənləşdirilir, gələcəkdə yarana biləcək problemlərin qarşısı əvvəlcədən alınır. Yəni, tibbi baxımdan artıq heç bir problemli tərəf qalmayıb. O ki qaldı dində bu mövzuya münasibətə, nə Quranda, nə də hər hansı hədisdə qohum evliliyi qadağan olunmayıb, haram buyurulmayıb. Dində haram buyurulan tək münasibət insestdir. Yəni, bacı-qardaş evliliyi. Düzdür, bəziləri iddia edir ki, bəşər tarixi Adəm və Həvvanın övladlarından yaranıb. Yəni bacı-qardaş münasibətləri nəticəsində nəsil davam etdirilib. Ancaq bu çox yanlış fikirdir".
Darvinin Təkamül nəzəriyyəsini qəbul etməyənlər ilk insanın Adəm və Həvva olduğuna inanır. Bu isə digər insanların onların övladı olması anlamına gəlir. Belə çıxır Adəm və Həvvanın övladları bir-biri ilə evlənib, yəni, bacı-qardaş münasibəti olub? Amma ilahiyyatçi bu fikiri qəbul etmir:
"Xeyr, elə bir şey yoxdur. Allah başqa "Adəmlər"i və "Həvvalar"ı yaradıb. Məsələn, hansısa avtomobil markasından bir nüsxə yaradılır. Sonra həmin nüsxənin başqa versiyaları istehsalata buraxılır, düzəldilir. Yəni, ilk dəfə Adəm və Həvva yaradılıb, sonra isə başqa insanlar onların əsasında formalaşıb".
818 dəfə oxundu