Eldar Mahmudovun məhkəməyə gətirilməsi tələb olunur
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digərlərinin məhkəməsi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesdə şahid qismində MTN-in keçmiş əməkdaşı Rafiq Abdullayev ifadə verib. O bildirib ki, Xəzər rayon İcra Hakimiyyətinin müavini Ələkbərov Heydərovun saxlanılmasında iştirak edib və onu nazirliyə gətiriblər. O, Ə. Heydərovdan pul alınmasından xəbərsiz olduğunu deyib.
Elçin Quliyev isə şahidə sual verib: "Mənim nazirliyə kimisə gətirmək səlahiyyətim var idi? Ora gələnlərdən nazirə qədər hamının xəbəri olurdu".
Hakim sualı çıxarıb.
Zərərçəkmiş Maqsud Mahmudov isə deyib ki, Eldar Mahmudov məhkəməyə gətirilməlidir: "Bütün günü restoranlarda gəzir. Nəyə görə gəlmir?"
Hakim isə deyib ki, bununla bağlı vəsatət olsa baxıla bilər: "Biz işə ittihamın mahiyyəti üzrə baxırıq".
İclasda şahid qismində verən keçmiş MTN, indiki DTX əməkdaşı İmran Fiqarov deyib ki, onlara "Elit Travel" şirkəti ilə bağlı məlumat daxil olub: "Mənim pul alınmasından xəbərim olmayıb. Deyiblər, dəvət etmişəm".
Elçin Quliyev ona da sual verib: "Sizdən kimdənsə pul alınması, şantajla bağlı tələbim olub?".
Şahid bildirib ki, E. Quliyevin elə tələbi olmayıb.
Digər şahid Aydın Heydərov isə deyib ki, onun atasından MTN əməkdaşları hədə-qorxu ilə pul tələb ediblər: "Biz də borc alıb həmin pulu verdik. Demişdilər ki, verməsə, yoxsa oğlunun maşınına narkotik atacaqlar”.
Zərərçəkmiş Maqsud Mahmudov isə bildirib ki, bütün günahları intihar edən İlqar Əliyevin üstünə atmaq düzgün deyil: "Hamısı deyir, İlqar edib. Digərləri orada nə işləyirdilər? Mən daha prosesə gəlmək istəmirəm. Mənim nazirlikdə halım pis olanda və qaytaranda Rafiq Abdullayev mənə su gətirmişdi. Yalan deyirəmsə, desin".
R. Abdullayev isə onun dediklərini təsdiq edib.
Zərərçəkmiş Mətləb Mustafayev isə intihar etmiş MTN polkovniki İlqar Əliyevin ifadəsinin oxunmasını tələb edib: "Bir vaxt məni şər-böhtanla həbs etmişdilər. İndi özləri saysız hesabsız cinayətə görə həbsdədirlər".
Hakim bildirib ki, İ. Əliyevin ifadəsi tədqiq ediləcək.
Proses iyulun 7-də davam edəcək.
Qeyd edək ki, E. Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir.
881 dəfə oxundu