Alimlərin ev ittihamlarına cavab - “Yaşadıqları otaqları təhvil versinlər”
AMEA-nın İşlər İdarəsinin müdir müavini, Mənzillərin bölüşdürülməsinə hazırlıq məqsədilə yaradılmış komissiyanın katibi Sərdar Əliyev mətbuatda səsləndirilən ittihamlara münasibət bildirib.
S.Əliyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, Akademiyada olan yataqxana və mənzil məsələsi barədə son günlər mətbuatda bəzi səriştəsiz yazılar gedib: "Dəfələrlə mətbuatda bildirildiyi kimi, AMEA ilə "Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan, AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil sahəsi ayrılması nəzərdə tutulub. Bu məsələyə hazırlıq məqsədilə AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 nömrəli sərəncamı ilə komissiya yaradılıb. Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və qeydiyyatı olub yaşamayan vətəndaşlar müəyyənləşdirilmiş, yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılıb. Onlarla görüşlər keçirilmiş və lazımi sənədlər toplanıb".
O deyib ki, sözügedən yataqxanada qeydiyyatı olub yaşamayan və AMEA ilə heç bir əlaqəsi olmayan (kənar təşkilatlarda işləyən və ya ümumiyyətlə işləməyən) çoxsaylı kənar şəxslər də var. Ona görə də yataqxanada qeydiyyatda olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə AMEA tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib, AMEA-ya aidiyyatı olmayan və yataqxanada yaşamayan yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olunub: "Komissiya tərəfindən yerinə yetirilən işlər barədə AMEA rəhbərliyinə ətraflı məlumatlar təqdim edildi və bu istiqamətdə sonrakı işlər müəyyənləşdirildi.
Dəqiqləşmiş məlumatlardan və yerinə yetirilən işlərdən sonra yataqxana sakinlərinə ətraflı məlumatlar və yazılı cavablar verildi. Həmin cavab məktublarından daha geniş məzmunlusu kollektiv müraciət edənlərə verildikdən sonra bir surəti bir neçə gün yataqxanada divardan asılı olmuşdur ki, yataqxananın bütün sakinləri oxusunlar. Bundan əlavə müraciət edən yataqxana sakinləri dəfələrlə həm kollektiv şəkildə, həm də tək-tək AMEA-da qəbul edilib və onlara ətraflı məlumatlar, izahatlar verilib. Hətta, yataqxanada qanuni hüquqları olmadan yaşayan sakinlərə yaşadıqları otaqların boşaldılması məqsədilə yazılı təklif göndərilib.
Araşdırma zamanı müəyyən edilib ki, AMEA-nın əvvəlki rəhbərliyi dövründə bağlanmış müqavilədə AMEA-ya ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyindən böyük problemlə üzləşmişik. Odur ki, ayrılacaq mənzil sahəsinin müəyyənləşdirilməsi üçün AMEA-nın rəhbərliyi ilə "Evrostroy-S” MMC arasında dəfələrlə görüşlər keçirildi və çox gərgin söhbətlər aparıldı.
Aparılan işlərin nəticəsi olaraq, "Evrostroy-S” MMC yeni inşa olunan yaşayış evlərindən AMEA-ya əvəzsiz olaraq ümumi sahəsi 8000 kvadratmetr yaxın olan mənzillər ayırmağı öhdəsinə götürüb. Bu mənzillərin çox hissəsi ayrılıb, qalanının isə yaxın vaxtlarda ayrılmasına yazılı zəmanət verilib.
Mənzillərin bölüşdürülməsinə hazırlıq məqsədilə AMEA Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 5/2 nömrəli qərarı ilə, AMEA-nın vitse-prezidentinin rəhbərliyi ilə yeni komissiya yaradılıb. Komissiyaya yuxarıda qeyd edilən müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərə həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin köçürülməsi məsələsinin ətraflı araşdırılması tapşırılıb.
Araşdırma zamanı məlum olub ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə var. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir. AMEA-da işləyən 71 ailədən 6-sı elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur.
Bunlardan əlavə AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilib. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalıblar. Hal-hazırda onların da sənədləri araşdırılır.
Komissiya tərəfindən yataqxanada yaşayan hər bir AMEA əməkdaşının yaşayış şəraitini və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanıb. Kənarda yaşayış sahələri olması barədə məlumat daxil olan ailələrin yataqxanadan kənarda yaşadıqları mənzillər yerində, mənzil istismar sahələrinin işçiləri ilə birlikdə yaranmış imkanlar daxilində araşdırılıb. Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanıb. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilib.
Həmin 17 ailənin adına otaqlar olsa da, əsasən həmin otaqlarda yaşamayan, adlarında mənzillər olmuş, yataqxananın yanında yaşayış evi tikintisi başlayandan sonra adlarında olan mənzilləri özgəninkiləşdirənlərdir. Yoxlama zamanı bu ailələrin əksəriyyətinin özgəninkiləşdirdikləri mənzillərdə yaşadıqları və ya həmin mənzilləri kirayəyə verərək başqa ünvanlarda yaşadıqları məlum olmuşdur. Bəzilərinin isə yeni binalarda mənzillərinin olduğu, lakin öz adlarına sənədləşdirmədikləri müəyyən edilmişdir. Mənzil qanunvericiliyinə əsasən həmin ailələr mənzil alarkən, yataqxanadakı otaqları boşaldaraq təhvil verməli idilər və həmin otaqlar 20 ildən artıqdır ki, qeydiyyatda olan, boş otaq olmadığına görə kirayələrdə yaşayan elmi işçilərə verilməli idi.
Odur ki, ilk növbədə həmin 54 ailənin mənzillə təmin edilməsi məsələsinə baxılması məqsədəuyğun sayılmışdır. Ondan əlavə komissiya təklif etmişdir ki, mənzillərin bölüşdürülməsi üçün AMEA Azad Həmkarlar İttifaqı Təşkilatının iştirakı ilə yeni tərkibdə komissiya yaradılması məsələsinə baxılsın. Komissiyanın arayışı, bu və digər təklifləri AMEA Rəyasət Heyətində müzakirə edilmiş və müvafiq qərar qəbul edilib".
S.Əliyev qeyd edib ki, məsələnin ciddiliyini nəzərə alaraq, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli, 8/21 nömrəli qərarı ilə, AMEA-nın vitse-prezidentinin və AMEA Azad Həmkarlar Təşkilatının sədrinin rəhbərliyi altında, yeni tərkibdə mənzillərin bölüşdürülməsi komissiyası yaradılıb və komissiyaya müvafiq tapşırıqlar verilib: "Yeni yaradılmış komissiya tərəfindən 13 iyun 2017-ci il tarixində püşkatma yolu ilə 54 mənzilin bölgüsü aparılmış və hazırda sənədləşmə işləri davam etdirilir. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınmışdır.
Nəzərə almaq lazımdır ki, bölgüsü gedən mənzillər 16 mərtəbəli yaşayış evinin 1-9-cu mərtəbəsində yerləşir. Yaşayış evinin tikintisi layihələşdirilərkən mənzil alan ailələrə uyğun xüsusi layihə olmadığından, hər mərtəbədə olan 1 otaqlılar 66 kvadrat metr, 5 ədəd 2 otaqlılar isə 85-113 kvadrat metr arasındadır. Böyük sahəli 2 otaqlı mənzillər ailə tərkibi 4 və 5 nəfərdən ibarət, elmi dərəcəsi olan əməkdaşlara verilmişdir. Qalan otaqların bölgüsü zamanı istər-istəməz normadan artıq sahə almış elmi işçilər də olmuşdur.
Bütün bunlara baxmayaraq, mənzil alanlardan da mərtəbəsinə və səmtinə görə narazı qalanlar var.
Bölgüdən narazı olanların müraciətləri qəbul edilir və hər bir müraciət fərdi qaydada araşdırılaraq cavab veriləcək.
Son günlər yataqxanada yaşayan və mənzil almayan sakinlər yığışaraq respublikanın rəhbər orqanlarına getmiş, AMEA-nın rəhbərlərinin qarşısını kəsməyə çalışmışlar. Bu məsələ ilə əlaqədar AMEA Rəyasət Heyətinin inzibati binasının qarşısına toplaşmış 30-a yaxın şəxs qəbul edilmək istəmişdir. AMEA-nın rəhbərliyi tərəfindən onlara bildirilmişdir ki, qəbul olunmaq üçün aralarından 4-5 nəfər seçsinlər və ya hamısı tək-tək qəbul olunsun. Lakin onlar bu təklifin heç birini qəbul etməmişlər. Müraciət edən bu şəxslər yuxarıda qeyd etdiyim kimi, AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir.
Qəbul olunmaq istəyən AMEA əməkdaşlarına müraciət edərək bildirirəm ki, mənzil məsələsi elə bir sahədir ki, onun kollektiv qaydada araşdırılması və ümumi qaydada həlli mümkün deyil. Hər bir məsələ fərdi qaydada araşdırılmalı və həllinin mümkünlüyü müəyyənləşdirilməlidir.
Yataqxanada yaşayan və AMEA ilə heç bir əlaqəsi olmayanlara isə dəfələrlə bildirilmiş və bu gün də bildirilir ki, onların mənzillə təmin edilməsi AMEA-nın imkanları xaricindədir. Odur ki, yaşadıqları otaqları boşaldıb təhvil verməlidirlər".
895 dəfə oxundu