Prezidentin işdən çıxartdığı icra başçısı kimdir? (DOSYE)
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı
İbrahim Mehdiyev vəzifəsindən azad olunub. Dövlət başçısı hələlik onun yerinə təyinat etməyib.
"Qaynarinfo" xəbər verir ki, Mehdiyev İbrahim Əsgər oğlu 1 aprel 1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.
2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.
1336 dəfə oxundu