Belçikada hərbi patrulun fəaliyyəti avqustun 2-dək uzadılıb
Belçikada hərbçilərin ictimai yerlərdə gözətçilik etməsi avqustun 2-ə qədər uzadılıb. Bu barədə müvafiq qərar Belçika Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən təhlükələrin təhlili üzrə koordinasiya mərkəzinin tövsiyəsi əsasında krallıq hökuməti tərəfindən qəbul olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bir qədər əvvəl Belçikanın müdafiə naziri Steven Vandeput 2015-ci il Paris hücumlarından sonra ölkəsində təhlükəsizliyin təmin olunması üçün cəlb edilən hərbi patrulların büdcəyə 100 milyon avrodan çox vəsaitə başa gəldiyini bildirib.
Çox sayda insanın toplandığı məkanlar, o cümlədən dəmiryol vağzalları və paytaxt metropoliteni hərbçi və polis qrupları tərəfindən ciddi nəzarətə götürülüb. Ümumilikdə Belçika ərazisində patrul əməliyyatlarına 1250 hərbçi cəlb edilib.
Xatırladaq ki, Belçikada 2016-cı il martın 24-dən etibarən üçüncü yüksək terror təhlükəsi səviyyəsi qüvvəyə minib. Brüssel hava limanı və metrosuna hücumun baş verdiyi gün elan olunan ən yüksək dördüncü terror təhlükəsi səviyyəsi iki gündən sonra bir bənd aşağı salınıb.
817 dəfə oxundu