Millət vəkili şəhid bulağının sökülməsindən danışdı: Bu, bağışlanmaz səhvdir

Millət vəkili şəhid bulağının sökülməsindən danışdı:

Bakının Yasamal rayonunda Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə yaradılan “Şəhid bulağı” bulaq-kompleksinin sökülərək yerində “Qarabağ” adlı kababxana-pivəxana açılması barədə Cumhuriyyet.net-ə yayılan xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı

Redaksiyamıza daxil olan zənglər və məktubları nəzərə alaraq, məsələ ilə əlaqədar millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə ilə əlaqə saxladıq.
Deputat məsələ ilə tanış olduğunu və bu addımın cəmiyyətimiz üçün həssas olan Şəhid adına qarşı bağışlanmaz bir səhv olduğunu dedi.

“Bu barədə məlumatı oxudum. Bu addımı qətiyyətlə pisləyirəm. Şəhid adına hörmətlə yanaşmaq lazımdır. Onlar bizim üçün həyatlarını qurban verib. Şəhid adına ucaldılan bulağın yerində ictimai iaşə yerinin açılması düzgün deyil. Digər tərəfdən, əlbəttə, vətəndaşların istirahət edə biləcəyi iaşə obyektlərinin və məkanların açılması lazımdır. Amma onu məhz şəhid bulağını sökərək tikmək bağışlanmaz bir səhvdir. Mən çox istərdim ki, bu məsələyə aydınlıq gətirilsin”.

Həmin şəxsin tikinti üçün heç kəsdən icazə almadığını bildirməsinə millət vəkili “İnanmıram ki, yerli icra hakimiyyəti həmin ərazidə ictimai iaşə obyektinin tikilməsinə razılıq versin. Obyekt sahibinin isə heç kəsdən icazə almadığını bildirməsi artıq tikinti işlərinin qanunsuz olduğunu göstərir”, – deyib.

Millət vəkili belə məsələlərdə hər kəsin vətəndaş mövqeyindən çıxış edərək addım atmalı olduğunu da vurğulayıb.
“Müəyyən qrup insanlar, sərbəst yaşamaqlarının, rahatlıqla bizneslə məşğul olmaqlarının səbəbini unudublar. Bunun isə bir səbəbi var, on minlərlə insan bu gün üçün Qarabağda – döyüş bölgəsində öz həyatını qurban verib. Onlara bu cür yanaşma və bu təfəkkür yanlışdır. Əgər o insan biznes, iş yeri açmaq, dövlətin büdcəsinə vergi ödəmək istəyirsə, bunu qanuni yolla edə bilər. Yasamal rayonunda bunun üçün kifayət qədər yer var. Bundan başqa, o, Şəhidin ailəsindən icazə alaraq bulağı başqa yerə köçürməklə iş görə bilərdi. Amma şəhid bulağını söküb onun yerində iaşə obyektini açmaq düzgün deyil”.

Abidələrin qanunsuz sökülməsi, yerində müəyyən obyektlərin tikilməsi kimi hallara qarşı mübarizə məsələsinə gəldikdə, millət vəkili: “Mədəni abidələrimiz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uçota alınıb, uçota düşməyən obyektlərlə bağlı isə yerli icra hakimiyyətləri qərar verir. Amma elə məsələlər var ki, orada artıq qərar ikinci dərəcəli əhəmiyyət daşıyır.

Əgər Şəhid adı varsa, o obyekt baxımsız olsa belə, bu abidəyə həssaslıqla yanaşmaq lazımdır. Belə məsələlərdə şəhid adının, Qarabağ mövzusunun cəmiyyət üçün çox həssas olduğunu unutmaq olmaz. Bu məsələdə hər kəs vətəndaş mövqeyini ortaya qoymalı və ondan çıxış etməyi bacarmalıdır”, – deyə cavab verdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...