“Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur” - Federasiyadan rəsmi açıqlama

“Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur” -

Azərbaycan Güləş Federasiyası son günlər ölkə mətbuatında Federasiyanın fəaliyyəti, o cümlədən milli komandanın üzvlərinin üzləşdiyi çətinliklərlə bağlı dərc edilmiş məlumatlarla əlaqədar məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, federasiya baş verənlərə belə aydınlıq gətirib.

“Məlum olduğu kimi, ölkəmizdə idman sahəsi, o cümlədən idmançılarımız dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, ayrı-ayrı idman növlərinin inkişafı, maddi-texniki bazasının təşkmilləşdirilməsi və milli idmançılarımızın yetişdirilməsi sahəsində mütəmadi olaraq çoxsaylı işlər görülür. Bu idman növləri arasında Azərbaycanda qadim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirməsi, Azərbaycan Güləş Federasiyasının yaradılması, bu idman növünün inkişaf etdirilməsi, ölkəmizin güləş üzrə yığma komandalarının formalaşdırılması, maddi-texniki bazanın yaradılması, milli güləşçilərimizin yetişdirilməsi istiqamətində Federasiyanın həyata keçirdiyi işlər nəticəsində bu gün Azərbaycan dünyada bu idman növü üzrə öz sözünü deyən, bu sahədə liderlər sırasında yer alan bir ölkəyə çevrilib. Son 10 il ərzində Azərbaycan güləşçiləri qatıldıqları bütün beynəlxalq yarışlarda, o cümlədən Olimpiya Oyunlarında, Avropa və Dünya Çempionatlarında daim yüksək nəticələr göstəriblər. Azərbaycanın müstəqillik dövründə iştirak etdiyi Olimpiya Oyunlarında qazandığı 44 medaldan 23-ü məhz güləş yığmalarının payına düşür. Son 3 Olimpiya Oyunlarında güləşçilərimiz 20 medal əldə ediblər. Şübhəsiz ki, bütün bu uğurlar bir tərəfdən dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının, digər tərəfdən milli komandanın üzvlərinin və federasiyanın birgə əməyi və zəhməti hesabına başa gəlib.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik statusu daşıyır və öz fəaliyyətini məhz “İctimai birliklər haqqında” Qanunun tələbləri əsasında qurur. Federasiyanın vəzifəsi güləş idman növünün inkişafına dəstək vermək, ölkə yığma komandalarının heyətini formalaşdırmaq, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını təşkil etmək, ölkəmizin beynəlxalq arenalarda layiqincə təmsil etməsinə şərait yaratmaqdır. Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadır. Bu baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldır və şübhəsiz ki, müvəqqəti xarakter daşıyır.

İdmançılarla bağlı yaranmış vəziyyətə aydınlıq gətirərək bildiririk ki, ictimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman Federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb.
Eyni zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və Dünya Çempionatlarında eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman nazirliyi tərəfindən mükafatlandırılır. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib.

Təlim-məşq toplantıları ilə bağlı məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir. Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdir və tezliklə aradan qaldırılacaq.

Azərbaycan Güləş Federasiyası idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir, ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbrli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan naliyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındır və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də Federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...