Körpəni öldürən nənə DANIŞDI: "Cinlər çıxmadı deyə götürüb quyuya atdım"
Lənkəranda 6 günlük nəvəsini öldürdüyünə görə saxlanılan Atifə Nurullayevanın istintaqa verdiyi ifadə məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisədən bir neçə saat əvvəl qadınlar altıaxşam (ritual: ad qoyma) mərasimi keçirirmişlər.
Bu mərasimə görə yeni doğulan körpənin ətrafına bıçaq, iynə, sancaq düzülür. İnanclara görə, bu, ondan ötrü edilir ki, cinlər körpəyə yaxın gəlməsin. Bundan başqa, həmin gecə "körpənin cindən qorunması üçün" onun yanında böyük adam da qalır. Həmin gecə 6 günlük Mələk Nurullayevanın yanında anası və nənəsi qalıb. Sübh tezdən ana körpəni yedizdirib beşiyinə qoyub. Hadisə də bundan sonra, təxminən səhər saat 4-6 arasında baş verib. Nənə A.Nurullayeva iynələri və sancaqları körpə qızın bədəninə sancıb. Dediyinə görə, o, bu hərəkəti cinlərin üstünə ata biləcəyini düşünüb.
"Mən ikinci qız istəmirdim, oğlumun oğlu olmasını istəyirdim. Düşündüm ki, hamı körpənin cinlər tərəfindən öldürüldüyünə inanacaq. Sonra bu fikrimdən daşındım. Fikirləşdim ki, birdən inanmazlar. Ona görə də körpəni götürüb su quyusuna atdım", - A.Nurullayeva istintaqa ifadəsində bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı DİN iyulun 31-də rəsmi məlumat yayıb. Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan körpə qızının yoxa çıxmasını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.
Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
893 dəfə oxundu