İmişlidə inəyə əzab verənlər polisə çağırıldı - VİDEO
Avqustun 8-də Xəzər televiziyasının "Xəzər-xəbər" proqramında "İmişlidə inəyə ekskavatorla işgəncə verdilər" adlı videosüjetdə bir qrup şəxsin inəyi buynuzundan ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salmaları, heyvana əzab verərək onu suda o tərəf-bu tərəfə fırlatmalarını əks etdirən videogörüntü yayımlanıb.
Gundeminfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, videosüjetlə əlaqədar İmişli Rayon Polis Şöbəsində araşdırma aparılıb. Müəyyən edilib ki, həqiqətən də, belə bir hadisə iyun ayının axırlarında rayonun Çahar kəndində baş verib.
Həmin vaxt orada olan Çahar kənd sakini Atamoğlan Nuriyev və Gövhərli kənd sakini Fərman Əzimov Rayon Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb.
Müəyyən edilib ki, həmin vaxt rayonun Çahar kənd sakini Atamoğlan Nuriyevə məxsus inək çirkab suların dolduğu kanala düşüb. Sahibi pis qoxu gəldiyi üçün su ilə yusa belə, onun kirinin getməyəcəyini və balası olan heyvanı bu vəziyyətdə evə aparmağın mümkün olmadığını görüb, traktoru olan yaxın qohumu Fərman Əzimovdan inəyi yaxınlıqdakı göldə yumaq üçün kömək istəyib.
Onlar inəyi "T-28" markalı traktorun qovuşuna bağlayaraq heç bir zərər və xəsarət yetirmədən göldə yuyulması üçün bir-iki dəfə sağa-sola çəkərək hərəkət etdiriblər.
Lakin yayımlanan görüntülər dəfələrlə təkrarlandığından bu, seyrçilərdə işgəncə təəssüratı yaradaraq hiddət və qəzəb oyadıb.
Atamoğlan Nuriyev və Fərman Əzimov İnzibati Xətalar Məcəlləsinin 290.1.9-cu (ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiklərinə görə barələrində inzibati xəta haqqında protokol tərtib olunub.
978 dəfə oxundu