Xəzərdə itkin düşən neftçilərin axtarışı başa çatıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar itkin düşən neftçilərin axtarışı başa çatıb.
Bu barədə APA-ya “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargahdan məlumat verilib.
Qərargahdan bildirilib ki, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında meyiti aşkar edilən şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib, meyiti mərhumun ailəsinə təhvil verilib.
Məlumatda qeyd olunur ki, meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu olub.
Bununla da, itkin düşən neftçilərin hamısının meyiti qərargahın həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verilib, axtarış-xilasetmə əməliyyatlarına yekun vurulub.
839 dəfə oxundu