Konsul: "Livanda yol qəzasında ölən azərbaycanlı idmançının anası Beyruta gələcək
Azərbaycanlı idmançı Xəzər Əliyevin Livanın paytaxtı Beyrutda yol qəzasında ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Xəzər Əliyevin hazırda Beyrutda olan dostu APA-ya açıqlamasında bildirib ki, idmançı Beyruta istirahət məqsədilə səfər edib. X. Əliyev gecə saatlarında dostları ilə birgə klubda əyləniblər. Səhərə yaxın taksi ilə qaldıqları ünvana qayıdarkən sürücü ilə mübahisələri düşüb. Sürücü onları 130-140 km/saat sürət həddi olan magistralda körpünün üstünə düşürüb.
X. Əliyev avtomobildən düşərək yolu keçmək istəyərkən onu maşın vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan X. Əliyev dərhal əməliyyat olunub, 8-9 litr qan köçürülüb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. "Buna baxmayaraq, xəstəxana əməliyyat üçün 12 min ABŞ dolları tələb edir. Bundan başqa meyitinin göndərilməsi üçün 6-7 min dollar da istəyiblər", - deyə o bildirib .
X. Əliyevin dostu onu da əlavə edib ki, hadisəni törədən sürücü tutulub, faktla bağlı cinayət işi başlanıb.
Azərbaycanın Livandakı səfirliyinin konsulu Şahin Pənahov da məsələyə münasibət bildirib.
Ş. Pənahov APA-ya açıqlamasında deyib ki, azərbaycanlı idmançı Xəzər Əliyev dostu ilə gəzmək və ya işləmək məqsədi ilə Beyruta gedib: “Hansı məqsədlə burada olması barədə dəqiq məlumat yoxdur. Avqustun 27-də onlar səhərə yaxın klubdan içkili vəziyyətdə çıxıblar. İki dostdan birini maşın vurub. Yaralı xəstəxanaya çatdırılıb. Təxminən səhər saat 6-dan 11-ə kimi üzərində əməliyyat keçirilib. Xəstəxanadan bildirildiyinə görə, ona 8 litrə yaxın qan burulub. İndi xəstəxana əməliyyat üçün 12 min dollar pul tələb edir, pulun verilməyəcəyi təqdirdə meyiti verməyəcəyini bildirir”.
Konsul bildirib ki, onlar qəzanı törədən və onun qohumları ilə bu məsələ ilə bağlı görüşüblər: “Polisdə belə bir razılığa gəldik ki, onlardan şikayət edilməyəcək, əvəzində isə qarşı tərəf xəstəxana və meyitin Azərbaycan göndərilməsi xərcini üzərinə götürəcək. Polis bu məsələni həll etmək üçün 48 saat vaxt qoydu. Hadisə ilə bağlı istintaq da hələ davam edir. Lakin qarşı tərəf tələb edir ki, mərhumun anası şikayət etməyəcəyi ilə bağlı vəkalət göndərsin, yalnız bundan sonra xərcləri ödəməyə hazırdırlar. Anası ilə əlaqə saxlamışıq, anası bildirib ki, vəkalət göndərmir, özü Beyruta gələcək və şəxsən prosesdə iştirak edəcək. Biz hazırda anasını gözləyirik ki, qarşı tərəflərlə danışıqlar aparsın”.
827 dəfə oxundu