Baş müstəntiq: “Qaçırılan qız ölməyib, bu gün ifadə verəcək”
“Samux rayonunda 20 yaşlı qızın qaçırılması zamanı baş verən avtoqəzaya görə iki maddə ilə (adam oğurluğu və avtoqəza) cinayət işi açılıb. Saytlarda yazıldığı kimi, qız ölməyib. Qaçırılan qız - Türkan İsgəndərova sağdır”. Bu barədə Modern.az-a Samux rayon Sərkər kənd polis sahəsinin baş müstəntiqi İlqar Qəmbərov məlumat verib. Müstəntiq bu məsələ ilə bağlı mətbuatı diqqətli olmağa çağırıb:
“Hadisə günü yazdılar ki, “qaçırılan qız ölüb”. Onun ailəsini, yaxınlarını heçmi düşünmədilər? Axı qız ölməyib. Hazırda Gəncə Xəstəxanasında müalicəsini davam etdirir. Yoxlanılmamış məlumatı necə yazmaq olar? Təsəvvür edin, qız xəstəxanada reanimasiyadadır, anaya deyirlər ki, saytlar qızının öldüyünü yazıb. Bu ananı sakitləşdirmək olarmı?”.
Müstəntiq deyib ki, hazırda Türkan İsgəndərovanın vəziyyəti normaldır:
“Ciyərlərində problem vardı, indi düzəlib. Dünən trubkanı çıxartdılar, bu gün xanımın ifadəsini alacağıq. Ümumiyyətlə, Gəncə Təcili Tibbi Yardım Xəstəxanası bərbad gündədir. O qız həmin xəstəxanada cəmi iki saat qalıb. Sonra Mərkəzi Klinikaya köçürüblər, hazırda vəziyyəti stabildir”. Gəncə Rayon Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Modern.az-a qız qaçıranların xəsarəti barədə məlumat verib:
“Məndə olan məlumata görə, üç nəfər- Şəmkir rayon Çinarlı kənd sakini, 1988-ci il təvəllüdlü Müşfiq Nağıyev; Şəmkir rayon Könüllü kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Mehdiyev; sürücü, Samux rayon Sərkər kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev bizdə müalicə alırdı. Eldəniz Musayevə qaşarası yara və bel nahiyəsinin əziyi diaqnozu qoyulub. O stasionar müalicəyə buraxılıb. Qızın yaxınları dava-dalaş saldığı üçün digər iki nəfər-Müşfiq Nağıyev və Zaur Mehdiyev xəstəxanaya müraciət ediblər. Heç birinin həyati təhlükəsi yoxdur”.
Qeyd edək ki, sentyabrın 4-də Samuxda avtomobillə qız qaçıran şəxslər qəzaya düşüb. Hadisə axşam saatlarında baş verib. Qız qaçıran şəxslər Əhmədbəyli kəndi ərazisində avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın Gəncə çayına düşüb.
Qəza nəticəsində sürücü, Samux rayon Sərkar kənd sakini, 32 yaşlı Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova, eləcə də avtomobildə olan daha iki şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
1352 dəfə oxundu