“MilliÖN”də qəpiklər “yoxa çıxır” - Yığılan pulları kim götürür?
Bakıda marşrut xətlərindəki avtobusların əksəriyyəti "BakıKart” sisteminə keçirildikdən sonra sərnişinlər üçün pos-terminal problemi yaranıb.
BakuPost.az xəbər verir ki, "Bakıkart”a gediş yükləmək üçün pos MilliÖN terminalları bəzi dayanacaqlarda quraşdırılsa da, aparatların işləmədiyi vaxtlar olur. Bəzən bir dayanacaqdakı aparat günlərlə işləmir, bu isə kartında gediş olmayan sərnişinlərə ciddi problemlər yaradır.
Paytaxtın Azərbaycan prospekti ilə İstiqlaliyyat küçəsinin kəsişməsində quraşdırılan dayanacaqda 2 pos-terminal fəaliyyət göstərsə də, bir çox hallarda bu terminallar işləmir. Karta gediş yükləmək istədikdə ya "əməliyyatda səhv” yazılır, ya da terminalın monitorunda heç bir yazı göstərilmir. Məlumat üçün bildirək ki, pos-terminalla təchiz olunmuş növbəti dayanacaq Xarici İşlər Nazirliyinin yaxınlığındakı dayanacaqda qurulub. Bu isə o deməkdir ki, əgər pos-terminal işləmirsə, sərnişin karta pul yükləmək üçün iki dayanacaq piyada getməlidir.
Yaxud da, sərnişin avtobusa daxil olaraq, kiməsə 20 qəpik təklif etməli və onu keçirməsini xahiş etməlidir. Heç kimdən səs çıxmadıqda isə o, pərt olmuş şəkildə nəqliyyat vasitəsini tərk etməli olur.
MilliÖN terminallarıyla bağlı yaşanan problem təkcə bu deyil. Paytaxt sakinlərinin saytımıza verdiyi məlumatlarda daha maraqlı məqamlar yer alıb. Belə ki, əhalinin iddialarına görə, kartlara pul yükləmək istədikdə, qəbul olunmayan qəpiklər bəzi hallarda "yoxa çıxır”. Səbəb isə sadədir: küçədə quraşdırılan bu pos-terminalın qəpik yerinə qalın kağız parçası daxil edilir və "yoxa çıxan” qəpiklər məhz o boşluqda yığılıb qalır. Buna şahid olan sərnişinlər bildirirlər ki, həmin yerdən bu qalın kağız çıxarıldıqdan sonra pos-terminalın qəbul edə bilmədiyi qəpiklər üzə çıxır. Kağız çıxarılmadıqda isə qəpiklər yığılır qalır, sonrakı taleyi isə məchuldur…
Sadalanan problemlərlə bağlı BakuPost.az-ın əməkdaşı MilliÖN-lə əlaqə saxlayıb. Şirkətin növbə rəisi Rəfiqə Əliyeva suallarımızı dinlədikdən sonra bildirib ki, onları cavablandıracaq şəxs şirkətdə yoxdur və sentyabrın 11-indən sonra gələcək.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, yaranmış problemlə bağlı şirkətə məlumat veriləcək və əgər tədbir görülməzsə, adı çəkilən dayanacaqda "BakıKart” terminalı quraşdırılacaq: "Biz çalışırıq ki, sərnişinlər üçün hər bir şərait yaradılsın. Əgər "MilliÖN” yaranmış problemi aradan qaldırmazsa, həmin ərazidə "BakıKart” pos-terminalı istifadəyə veriləcək”.
916 dəfə oxundu