Tələbələr Kamal Abdulladan şikayət etdi, universitet rəsmisi cavab verdi — AÇIQLAMA
Azərbaycan Xarici Dillər Universitetində ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını oktyabr ayının ilk həftəsinə qədər ödəməlidirlər. Əks halda universitetdən kənarlaşdırılacaqlar.
Bu barədə "Ölkə.Az"-a sözügedən təhsil ocağının adının çəkilməsini istəməyən bəzi tələbələri məlumat veriblər. Onların sözlərinə görə əvvəlki illərdə rektorluq onlara dekabrın sonuna qədər möhlət verirmiş. Məhz Kamal Abdullanın rektor təyin edilməsindən sonra bu müddət oktyabrın ilk həftəsinə qədər endirilib:
"Əvvəllər tələbələr təhsil haqqının yarısını dekabra, digər yarısını isə təhsil ilinin sonuna kimi verə bilərdi. İndi isə iclas keçirilib. Bildirilib ki, təhsil haqlarıın ilk yarısını oktyabrın ilk həftəsinin sonuna kimi verməlidirlər, yoxsa uzaqlaşdıralacaqlar. Digər yarısının vaxtını isə aprelin əvvəlinə çəkiblər".
Təhsil ocağının mətbuat xidmətindən isə "Ölkə.Az"-a bildirilib ki, son vaxtlarda Azərbaycan Dillər Universitetində tələbələrin xeyrinə olan mühüm addımlar atılır. Bu addımlardan biri də təhsil haqlarının mərhələrlə ödənməsi barədə universitet rəhbərliyinin qərarıdır:
"Universitet rəhbərliyi tələbələrin işini asanlaşdırmaq məqsədilə tələbələrin razılığı ilə təhsil haqqının ödənmə müddətini 4 mərləhəyə bölüb. Yəni tələbə il ərzində 4 dəfə banka pul köçürməklə illik təhsil haqqını ödəyə bilər. Təhsil haqqını ödənmə müddəti tələbənin razılığı ilə 6 mərhələyə də bölünə bilər. Əsas olan tələbənin işini asanlaşdırmaqla təhsil haqqının ödənməsinə nail olmaqdır.
Ödənişin hər dəfə nə qədər olması ilə bağlı da tələbələrin qarşısında xüsusi şərt qoyulmayıb. Tələbə istədiyi məbləği ödəyə bilər, tutaq ki, birinci mərləhədə 100 manat da ödənilə bilər, ancaq ilin sonuna qədər və dediyimiz kimi mərhələli şəkildə bütün məbləğ ödənməlidir".
Qeyd edək ki, Kamal Abdulla bu ilin iyununda Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.
897 dəfə oxundu