Baş prokuror Sabirabad şəhərində vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov oktyabrın 27-də Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 24 vətəndaş qəbul edilmiş, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmışdır.
Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.
Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
930 dəfə oxundu