“Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan istedadlı şəxsləri seçir” — Elçin Şıxlıdan maraqlı MÜSAHİBƏ
Çapı dayanmış “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Ölkə.Az” xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
“Ruspərəst qüvvələr Rauf Mirqədirovu tutmaqla mənə mesaj verirdilər”
– Elçin bəy, “Ayna” və “Zerkalo” qəzetlərinin çapını dayandırandan sonra özünüz də gündəmdən getdiniz. Bəs nə üçün bu qəzetlərin elektron versiyası kimi fəaliyyətini davam etdirmədiniz?
– İstədim, amma bu mümkün deyildi. Mənə imkan verilməyəcəkdi. Çünki Rauf Mirqədirov tutulanda, digər bir neçə jurnalistimin də həbsi gözlənilirdi. Hətta, məni də tuta bilərdilər. Əslində, bəzi ruspərəst qüvvələr Rauf Mirqədirovu tutmaqla mənə mesaj verirdilər. Mənim geri çəkilməyimi istəyirdilər.
“Rusiyanın işğalçılıq siyasətini açıq tənqid etdiyimiz üçün bizə xəbərdarlıq olunurdu”
– Sizi hansı qüvvələr həbs etmək istəyirdi və səbəb nə idi?
– Konkret ad çəkməyəcəm, amma Rusiyaya quyruq bulayan qüvvələr var. Rauf Mirqədirovu məhz onlar həbs etdirmişdi, çünki onun yazıları Rusiyanın işğalçılıq siyasətini ifşa edirdi. Qəzetimizdə gedən bu cür yazılara görə dəfələrlə xəbərdarlıq almışdıq. Hələ 2008-ci ildə Rusiya Gürcüstanla müharibəyə başlayanda, biz Rusiyanın işğalçılıq siyasətini açıq tənqid etmişdik. Rauf Mirqədirov Rusiyanın işğalçılıq siyasətini ifşa edən analitik yazılar yazırdı, araşdırma materialları hazırlayırdı, Rusiyanın məkrli Qarabağ siyasəti ilə bağlı isə mütəmadi olaraq müəllif yazıları ilə qəzetimizdə çıxış edirdi. Dəfələrlə Rusiyadan Raufun yazılarına qarşı cavablar gəlmişdi, onu debatlara çağırırdılar və Rauf da gedirdi. Gedib Azərbaycanı müdafiə edirdi. Bütün bunlara görə də, Rusiya Azərbaycandakı ruspərəst qüvvələrin əli ilə bizə təzyiqlər etməyə başlamışdı. Sonda da mən məcbur olub geri çəkildim. Çünki həm Raufu qorumaq lazımdı, həm də onunla yanaşı digər jurnalistlərimiz də həbs oluna bilərdi.
– Gələn il Azərbaycanda prezident seçkiləri ilidir. Seçkiöncəsi vəziyyəti necə qiymətləndirirsiniz?
– Bəzən fikirlər səslənir ki, hakimiyyətin namizədi bu dəfə fərqli olacaq, Vahid namizəd kimi Birinci vitse-prezident Mehriban Əliyevanın adı hallanır. Amma böyük ehtimalla hakimiyyətin namizədi yenə də Prezident İlham Əliyev olacaq. Məncə, Mehriban xanım Əliyevanın namizədliyi hakimiyyətin “b” variantı ola bilər. Hazırda Mehriban Əliyevanın nüfuzu onsuz da böyükdür. Əgər fövqəlhadisə baş verməzsə, böyük ehtimalla prezidentliyə namizəd dəyişməyəcək.
“Köhnəlmiş və qartımış beyinli adamlar xaricdə təhsil almış cavanların bir gün onları oturduqları yerlərdən atacağından qorxurlar”
– Hazırda ölkədə cəmiyyətin fəallığı necədir?
– Çox təəssüf ki, cəmiyyət staqnasiyaya daha çox meyillidir. Fəallığın işartıları isə yalnız seçkiöncəsi olur.
Qərb təhsilli, dünya görüşü geniş olan gənclərin bəziləri ölkədən gedir. Getməyənlər də buna can atırlar. Bu, Azərbaycanın ən böyük faciəsidir. Bunun ağır fəsadlarını biz bir neçə ildən sonra görə biləcəyik. Hesab edirəm ki, Azərbaycan hökuməti xaricdə təhsillə bağlı Dövlət Proqramını tezliklə bərpa etməlidir. Gənclərimizi Avropa və ABŞ təhsil ocaqlarına göndərməliyik, çünki tərəqqi, yeni texnologiyalar, innovativ dəyişikliklər və futuristik düşüncə tərzi oradadır, Şərqsə öz doqmatizmi ilə geridə qalmaqdadır! Elə isə biz nə üçün öyrənməli olduğumuz ölkələrə tələbələrin dövlət vəsaiti hesabına göndərilməsi proqramını dayandırdıq? Düşünürəm ki, bu məsələnin də arxasında Azərbaycan hökumətində təmsil olunan provinsial düşüncəli şəxslərin narahatlığı dayanır. Həmin köhnəlmiş və qartmış beyinli adamlar xaricdə təhsil alıb gələn cavanların bir gün onları oturduqları yerlərdən atacağından qorxdular. Çünki cavan gedib Avropa, ABŞ, Türkiyə, Yaponiya və Cənubi Koreyada yüksək təhsil alıb Azərbaycana qayıdanda sovet düşüncəli qocalmış adamların iş üslubunu görüb dəhşətə gəlir.
“Xaricdə təhsil alan məmur övladları “hello”dan başqa söz bilmirlər”
– Amma əksər məmurların övladları Qərb ölkələrində təhsil alırlar...
– Xaricdə təhsil almaqlarına alırlar, ancaq həmin məmur övladlarının mütləq əksəriyyətindən təhsil aldıqları ölkələrin dilində üç kəlmə söz soruşsanız, cavab verə bilməyəcəklər. Onlar orada təhsil almırlar, əylənirlər. Xarici dildə “hello”dan başqa söz bilmirlər. Onların dünyagörüşü başdan-ayağa yanlışdır. Azərbaycanda elə savadlı uşaqlar var ki, xaricdə təhsil almağa pulları yoxdur. Məmur övladları isə oxumaq adı ilə gedib xaricdə pulun gücünə veyillənirlər. Belələrinin əksəriyyəti provinsial düşüncəli adamların övladlarıdır.
Gürcüstanı götürək. Mixeil Saakaşvili hakimiyyətə gələndə ilk işi xaricdə təhsil almış savadlı gəncləri axtarıb Gürcüstanda vəzifəyə dəvət etmək oldu. Hətta, bəzən dəvət edilən gənclərdən gəlmək istəməyənlər olurdu. Gürcüstanda köklü islahatlar məhz həmin gənclərin sayəsində mümkün oldu. Ona görə də, demək olar ki, Mixeil Saakaşvili Qərbin uğurlu layihəsidir.
Hazırda oxşar proses Ukraynada başladılıb. Bu ölkədə xaricdə təhsil almış güclü nəsil yetişib. Yəqin ki, yaxın illərdə Ukraynada idarəetməyə həmin gənclər gətiriləcək. Əslində, Qərb Mixeil Saakaşvilini Ukraynaya orada milləti silkələyib ayağa qaldırmaq üçün göndərib ki, sonradan xaricdə təhsil almış gəns nəsil hakimiyyətə gəlsin. Baxarsınız, Ukraynada da bir nəfər ABŞ-da təhsil almış gənc ortaya çıxacaq və ölkəni dəyişəcək. Ona görə də, Mixeil Saakaşvili Ukraynaya keçid dövrünü icra etmək üçün gətirilib. Vaxtilə Gürcüstan da Mixeil Saakaşvilinin iştirakı ilə bu keçid dövrünü adlayıb. O, Gürcüstanda elə bir sistem qurub ki, özü istəməsə də, həmin sistem onu kənara atdı.
“Azərbaycanda müxalifət keçmişdə qalıb”
– Azərbaycanda müxalifətin fəallığını nəcə qiymətləndirirsiniz?
– Fəallıq gözəçarpan deyil. Bunun da səbəbi müxalifətin özünün yeni olmamasıdır. Ola bilsin ki, mən bu fikri söyləməklə kimisə təkrarlayıram, amma Azərbaycanda müxalifət keçmişdə qalıb. Və yeni simalardan daha çox yeni fikrə ehtiyac var. Əgər köhnə lider yeni fikir söyləyə bilsə, onun arxasınca gedən olar. Amma təbii ki, yeni simalara da çox böyük ehtiyac var.
– Sizcə İlqar Məmmədovu müxalifətin yeni siması hesab etmək olarmı?
– İlqar Məmmədov da ola bilər. Əgər o öz arxasınca insanları apara biləcəksə, artıq o müxalifətin yeni siması sayılacaq.
“İlqar Məmmədovun həbs edilməsi ilə bağlı Prezidentə səhv məsləhət verilib”
– Prezidentin köməkçisi Novruz Məmmədovun İlqar Məmmədovla bağlı son fikirlərindən sonra bir qrup vətəndaş cəmiyyəti nümayəndələri Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə İlqar Məmmədovun əfv olunaraq, azadlığa buraxılması xahiş edilir. İndiki məqamda İlqar Məmmədovun əfvi nə qədər gözləniləndir?
– Ondan başlayım ki, İlqar Məmmədov həbs ediləndən sonra cəmiyyətdə daha çox tanınmağa başladı. Onun həbsi ictimai-siyasi baxımdan düzgün deyildi, səhv addım idi. Bir-sıra hallarda İlqar Məmmədovun həbsində ölkə başçısının adını hallandırırlar. Amma mənə görə, bu üçüncü qüvvələrin sifarişi ola bilər. Yaxud da İlqar Məmmədovun həbs edilməsi ilə bağlı Prezidentə səhv məlumat verilib. Yenə də mən İlqar Məmmədovun sifarişçisi barədə dəqiq fikir söyləyə bilmərəm. Amma onu deyə bilərəm ki, İlqar Məmmədov həbs edilənə qədər indiki kimi tanınmış adam deyildi.
Bilirsiniz, Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün üzərinə müəyyən öhdəliklər götürüb. Ona görə də digər dövlətlər kimi, Azərbaycan bu öhdəliklərə əməl etməyə məcburdur. Bu baxımdan da İlqar Məmmədovun yaxın zamanlarda həbsdən azad olunması gözləniləndir və məntiqə uyğundur. Çünki indi Azərbaycan da Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etmək iradəsini ortaya qoymaq istəyir. Düşünürəm ki, dünyada gedən proseslərin də bu məsələyə öz təsiri var. Dünyada qütbləşmə gedir. Bunlardan biri Rusiya, digəri isə Qərbdir. Son zamanlar Rusiya prezidenti Vladimir Putin Qərbi üstələməyə başlamışdı. Ona görə də Rusiya Gürcüstana, Ukraynaya, Suriyaya girdi. Putin nə istəyirdisə, onu da edirdi. Onun atdığı addımlar gücün Rusiya tərəfində olduğunu göstərirdi. Ancaq son vaxtlar Rusiyaya qarşı sanksiyalar tətbiq edilməyə başlayıb. Rusiyanın Qış Olimpiya Oyunlarına buraxılmaması, iqtisadi sanksiyalar və digər bu kimi addımlar Rusiyada 2018-ci ilin martında keçiriləcək prezident seçkilərinə və Putinin dayaqlarının zəiflədilməsinə hesablanıb. Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı növbəti sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar imzalayıb. Hazırda Rusiya küncə sıxışdırılır. Ötən ay Ermənistanın birdən-birə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı müqaviləsini imzalaması da təsadüfi addım deyil.
“Prezident onu necə və kim tərəfindən aldadılmasının gec-tez fərqinə varır”
– Sizin tez-tez işlətdiyiniz bir fikir var. Deyirsiniz ki, Azərbaycanın idarəçiliyində daha çox provinsial düşüncəli şəxslər strateji vəzifələri tuturlar. Necə düşünürsünüz, son vaxtlar ölkədə aparılan kadr islahatları dediyiniz həmin situasiyanı dəyişə biləcəkmi?
– Provinsial düşüncəli deyəndə, mən kənd camaatını, kənddən gələn adamları nəzərdə tutmuram. Mənim əslim də kənddən gəlib. Provinsial düşüncəli adam Bakının mərkəzində doğulan da ola bilər. Bu o deməkdir ki, provinsial düşüncəli adam öz məhəlləsindən qırağı görmür. Məsələn, inkişaf etmiş dünya ölkələri birləşərək Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Azərbaycanda isə üçüncü qüvvələr Rusiya ilə yaxın olmağı arzu edirlər. Bax provinsial düşüncəli adamlar deyəndə, mən bu şəxsləri nəzərdə tuturam. Əgər onlar normal düşünə bilsəydilər, o zaman İlqar Məmmədovu heç həbs etməzdilər. İstənilən dövlət rəhbərinin hər məsələni şəxsən izləmək imkanı olmur. Bunun üçün müvafiq vəzifələr olur. Həmin şəxslər də öz sahələrinə aid məsələləri hesabat formasında Prezidentin masasının üzərinə qoyurlar. Bu mənada da Prezidentin köməkçilərinin İlqar Məmmədovla bağlı məsələni dövlət başçısına necə təqdim etməsindən çox şey asılıdır. Təbii ki, istənilən Prezident necə və kim tərəfindən aldadılmasının gec-tez fərqinə varır. Hər halda, inanıram ki, Prezident gecə-gündüz İlqar Məmmədovu tutdurmaq haqda heç vaxt düşünməyib.
Çox təəssüf ki, Azərbaycanda dövlət idarəetməsində hələ də sovet tərbiyəsi və təfəkkürü ilə düşünən adamlar üstünlük təşkil edir. Hazırda isə həmin kadrların dəyişdirilməsi prosesinə başlamaq niyyəti az da olsa, sezilir. Düzdür, mən buna hələ köklü islahat deyə bilmərəm. Çünki iki nazirin dəyişdirilməsi ilə ciddi islahat aparmaq mümkün deyil. Gərək bu daha köklü həyata keçirilsin. Bu islahatlar həmin kadrların o vəzifələrdə necə işləməsindən də asılı olacaq.
“Azərbaycanda da universitetlərin hamısı müstəqil olmalıdır”
– Təhsildəki əsas problemləri nədə görürsünüz?
– Ümumiyyətlə, təhsil problemi ciddi məsələdir. Onun həlli üçün sistemli şəkildə addımlar atılmalıdır. Mən sovet təhsili sistemi görmüş adamam. Bizim vaxtımızda təhsil sisteminə cavabdeh olan 3 nazirlik fəaliyyət göstərirdi. Sovet İttifaqı dağılandan sonra bu sistem də dağıldı və 3 qurumun yerində cəmi bir nazirlik yaradıldı. Bu, doğru addım deyildi.
Mənə görə, universitetlərin hamısı müstəqil olmalıdır. Qərb ölkələrində bizimkilərə bənzər elmlər akademiyaları yoxdur. Orada bütün alimləri universitetlər yetişdirir. Həmin universitetlər həm təhsil verir, həm də öz məzunlarından yaxşı mütəxəssis hazırlayır. Təhsildə islahat deyəndə ilk növbədə universitetlərin müstəqil olması vacibdir. Yalnız ibtidai və orta-ixtisas təhsili dövlət tərəfindən təmin edilməlidir.
– Son zamanlar ölkə başçısı tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları necə dəyərləndirirsiniz?
– Ayrı-ayrı proqramlar var, niyyət də, məqsəd də aydındır. Amma bu addımların ciddi nəticələrinin olması üçün ilk növbədə iqtisadi bloka rəhbərlik edən şəxslərin fəaliyyəti nəzərdən keçirilməlidir. Bu şəxslərin əksəriyyəti SSRİ dövründə Azərbaycan Xalq təsərrüfatı institutunu bitirmiş adamlardır, yəni mühasibat üzrə mütəxəssislərdir. Onlarla ciddi iqtisadi islahatlar aparmaq olmaz, çünki o zamankı “narxozu” bitirənlər ölkəyə heçnə verə bilməzlər. İqtisadiyyatı mühasiblər yönləndirməməlidir. Xaricdə təhsil almış gəncləri ölkəyə gətirib, onları ən ali mənsəblər səviyyəsində idarəetməyə cəlb etmək lazımdır, yalnız bu halda uğurli islahatlardan danışmaq olar. Bu gün ABŞ-da və Avropada yüksək təhsil almış və hazırda orada yaxşı məqamlarda işləyən kifayət qədər azərbaycanlılar var.
“Qohumbazlıq, yerlibazlıq edən məmurlarla ciddi nailiyyətlər əldə etmək mümkün olmayacaq”
– Yeri gəlmişkən deyim ki, bu yaxınlarda ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp 15 yaşlı azərbaycanlı məktəbli Reyhan Camalovanın təqdim etdiyi layihəni yüksək qiymətləndirib. Bu bir daha təsdiq edir ki, istedadlı gənclərimiz çoxdur...
– Sözün doğrusu, mən bu xəbəri eşidəndə elə bildim ki, həmin qızın valideynləri ABŞ-da yaşayırlar. Sonra öyrənəndə ki, 15 yaşlı qızın valideynləri Azərbaycanda yaşayır, açığı bir qədər təəccübləndim. Deməli, ailə tərbiyəsi və uşağın təhsilə düzgün yönləndirilməsi, həmçinin qızımızın xüsusi bir təhsil ocağında oxuması öz rolunu oynayıb. 15 yaşlı qız ingilis dilində çox sərbəst danışır və təbii ki, oxuyur. Xarici dil bilmək, insanın dünyasını genişləndirir, ana dilində olmayan ədəbiyyatı oxumağa imkan verir. Və bu cür gənclərimiz kifayət qədər çoxdur. Onlara Azərbaycanda şərait yaratmaq lazımdır. Onlar Azərbaycanın gələcəyidir.
Yoxsa ki, qohumbazlıq, yerlibazlıq edən məmurlarla ciddi nailiyyətlər əldə etmək mümkün olmayacaq. Nepotizm bizi məhv edəcək. Azərbaycana Reyhan Camalova kimi istedadlı gənclər lazımdır.
“İqtidarın vahid namizədi kimi Mehriban Əliyevanın irəli sürülməsi xeyli maraqlı proseslərə rəvac verə bilər”
– Bu yaxınlarda Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov da Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti seçilib. Bu hadisəni siz necə qarşıladınız?
– Böyük uğurdur. Heç şübhəsiz, Fərid Qayıbovun uğurunu təmin edən əsas şəxs Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Çünki Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasında çalışmasaydı və Mehriban Əliyeva ona diqqət yetirməsəydi, şərait yaratmasaydı, həvəsləndirməsəydi, belə uğur mümkün olmayacaqdı. Bu vəzifə ömürlük olmasa da mən bunu ölkənin uğuru sayıram.
Ümumiyyətlə, Mehriban Əliyeva öz komandasına bir qayda olaraq rüşvətə meyli olmayan, ağıllı, bacarıqlı və istedadlı gəncləri, şəxsləri seçir. Bu da onun başlıca uğurudur. Məsələn, iqtidarın vahid namizədi kimi Mehriban Əliyevanın irəli sürülməsi xeyli maraqlı proseslərə rəvac verə bilərdi. Doğrudur, Prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva bir ailənin üzvləridir və eyni sözə, dünyagörüşünə malikdirlər. Ancaq burada bir məqamı xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyevin komandasında əsas yüksək vəzifələrdə mərhum prezident Heydər Əliyevin vaxtından bəri işləyən şəxslər təmsil olunur. Burada hansısa məmurun vəzifədən kənarlaşdırılması ilə bağlı Prezidentin müəyyən mənəvi öhdəliyi ehtimalı ola bilər. Mehriban xanım isə bu adamların heç biri ilə birbaşa çalışmayıb...
Azərbaycanda növbəti prezident seçkilərində iqtidarın namizədinin prezident İlham Əliyevmi, yaxud Mehriban Əliyevamı olacağı barədə indidən dəqiq fikir söyləyə bilmərəm. Ancaq mənim aləmimdə, növbəti Azərbaycan prezidenti kim olursa olsun, provinsial düşüncəli kadrlar tamamilə təmizlənib qırağa atılmalıdır. Əks təqdirdə, perspektiv heç də ürəkaçan olmayacaq.
“Reket jurnalistikası”nı yaşadanlar ayrı-ayrı məmurların özləridir”
– Azərbaycanda “reket jurnalistlər”ə qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilib, reketçilikdə ittiham olunan bir neçə baş redaktor saxlanılıb. Sizcə, bu cür tədbirlərlə “reket jurnalistika”nın kökünü kəsmək mümkün olacaqmı?
– Bu məsələ ilə bağlı gedib özünüz üçün kiçik araşdırma aparsanız, görərsiniz ki, dünyanın heç bir ölkəsində “reket jurnalistika” adlanan məvhum yoxdur. Var jurnalist və qeyri-jurnalist! “Reket jurnalistika” adını ancaq biz düşünmüşük. Ümumiyyətlə, bunun media ilə əlaqəsi yoxdur. Əgər kimsə reketçiliklə məşğul olursa, onu Cinayət Məcəlləsinin maddələrinə uyğun olaraq həbs edirsən, bununla da məsələ bitir. Nə qədər ki, Azərbaycanda rüşvət verməyə və almağa hazır olan insanlar var, dediyimiz “reket jurnalistika”nın kökü kəsilməyəcək. Ümumiyyətlə, “reket jurnalistikası”nı yaşadanlar ayrı-ayrı məmurların özləridir.
839 dəfə oxundu