Biləsuvarda hesabat yiğincağı keçirilib

Biləsuvarda hesabat yiğincağı keçirilib

Biləsuvarda hesabat yiğincağı keçirilib

21 aprel 2015-ci il tarixdə Biləsuvar rayonunda 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər. İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev Biləsuvar rayonunda 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə edərək bildirdi ki, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2015-ci ilin birinci rübündə əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 36.7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz çoxdur. Birinci rübdə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 8.6 milyon, ticarətdə 17.3 milyon, tikinti sahəsində 6 milyon, sənayedə 4 milyon, nəqliyyatda 0.7 milyon manat təşkil etmişdir.Bu dövrdə əsas kapitala yönələn investisiyalar 6.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 45.4 milyon manat təşkil etmişdir.Rüb ərzində rayonun yerli gəlirlər 3.6 milyon manata qarşı 3.8 milyon manat və ya 105 faiz yerinə yetirilmişdir.
Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 376 manat, orta aylıq əməkhaqqı isə 278 manat olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci rübdə rayonda fəaliyyət göstərən 34 sahibkara 368 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 331 yeni iş yeri açılmışdır. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsində birinci rübdə rayonda 32 fərdi ev tikilmişdir.
Hesabat dövründə ailə üzvlərinin sayı 6280 nəfər olmaqla 1245 ailə ünvanlı dövlət sosial yardımı almışdır.
2015-ci ilin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüş, təmir-tikinti və abadlıq işləri aparılmışdır.
Ötən il rayonda ümumi şagird tutumu 1310 nəfər olan 3 məktəb üçün yeni binalar inşa olunmuş, 1176 şagird yerlik 1 məktəb isə əsaslı təmir olunmuşdur.
Biləsuvar şəhərində müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik uşaq bağçalarının tikintiləri başa çatdırılmışdır.
Hazırda uzunluğu 16,0 km olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və uzunluğu 6,0 km olan Əsgərabad-Muğan avtomobil yollarının, Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin, rayon Toxumçuluq idarəsinin inzibati binasının, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Mərkəzi rayon Xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir.
Ötən dövr ərzində rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülmüş, Biləsuvar şəhər və 18 kənd yaşayış məntəqəsi tam qazlaşdırılmış, sayğaclaşma işləri başa çatdırılmışdır. Hazırda Ağayrı, Günəşli Nərimankənd, Səmədabad, Muğankənd və Yuxarı Ağalı kəndlərinin qazlaşdırılması işləri aparılır.Birinci rüb ərzində bu kəndlərdə ümumi uzunluğu 86.7 kilometr olan küçə qaz xətləri çəkilmişdir.Bu ilin sonunadək rayonun bütün yaşayış məntəqələrində qazlaşdırma işləri başa çatdırılacaq və əhali təbii qazla təmin olunacaqdır.
Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır. Hazırda kanalizasiya sisteminin tikintisi işləri aparılır. Cari ilin birinci rübü ərzində “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində rayonumuzda da ağacəkmə aksiyaları keçirilmişdir.Yüksək səviyyətə təşkil olunan ağacəkmə kompaniyalarında Biləsuvar rayon İcra Hakimiyyəti başda olmaqla, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri iştirak etmişdir.Bu günədək 3500 ədəd çinar və digər ağaclar əkilmiş, əraziyə gübrələr verilərək, suvarma işləri aparılmışdır.Bundan əlavə aksiyada rayonun kəndləri də yaxından iştirak edərək çoxlu sayda ağaclar əkmişlər.
Bildiyiniz kimi birinci Avropa oyunları bu ilin iyun ayında Bakı şəhərində keçirilən ölkə miqyaslı əhəmiyyətli hadisələrdən biri olacaqdır. Bu böyük tarixi hadisədir. Bu ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil Azərbaycanın inkişaf strategiyasının bəhrəsidir.
Şübhəsiz birinci Avropa oyunlarının respublikamızın paytaxtında keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin 03 may 2015-ci il tarixdə Biləsuvar rayonunda “Məşəl yürüşü” ilə bağlı keçirəcəyi tədbirin yüksək səviyyədə təşkil olunmasından ötrü görülən işlər daim diqqətdə saxlanılır. Hazırlıq məqsədilə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 8 aprel 2015-ci il tarixli sərəncam imzalanmış və geniş tərkibdə işçi qrupu yaradılmışdır.Sərəncama əsasən idmançıların hərəkət marşrutları dəqiqləşdirilmiş, görüləçək işlər müəyyənləşdirilmişdir.Şəhərin və ətraf ərazilərin təmiz, səliqəli saxlanmasından ötrü vaxtaşırı iməciliklər keçirilir,abadlıq və yenidənqurma işləri aparılır.
Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, fermer təsərrüfatlarına ayrılan maliyyə yardımları ərzaq təhlükəsizliyinin təminatında əsaslı rol oynayır.Bu sahədə qəbul olunmuş Dövlət Proqramlarından irəli gələn tədbirlərin yerinə yetirilməsi nəticəsində aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan insanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır.
Rayonumuz aqrar rayon olmaqla iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalından gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında 21.7 min hektar sahədə dənli bitkilər əkilmişdir ki, bundan 8.4 min hektarını buğda, 13.3 min hektarını isə arpa bitkisi təşkil etmişdir.Yazlıq əkinlər üçün 1622 hektar əkin aparılmışdır.
Torpaq mülkiyyətçilərinin əkin sahələrinin fasiləsiz suvarılmasını təmin etmək məqsədilə rüb ərzində 38.5 km suvarma kanalları, 12.4 km isə kollektor-drenaj şəbəkəsi lildən təmizlənmişdir.Bu dövrdə 5173 hektardan çox əkilən sahə suvarılmışdır.
2015-ci ilin birinci rübündə rayonda heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur.
Bakı şəhər əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər. Hesabat dövrü ərzində yarmarkalara 130 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Ölkə Prezidentinin 2015-c ili “Kənd təsərrüfatı ili” elan etməsi ilə bu sahədə qarşıya qoyduğu təxirəsalınmaz tapşırıq və göstərişlərin yerinə yetirilməsi məqsədilə rayonda kənd təsərüfatının bütün sahələrini əhatə edən kompleks tədbirlə planı hazırlanmış və bu istiqamətdə müvafiq tədbirlərin görülməsinə artıq başlanmışdır.
2015-cü ilin arxada qalmış birinci rübündə rayonumuzda təhsil, səhiyyə və mədəniyyət sahəsində də xeyli iş görülmüş, gənclərlə işin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Ötən dərs ilində rayonumuzun ümumtəhsil məktəblərini 928 şagird bitirmiş, onlardan 178 nəfəri ali məktəblərə, 89 nəfəri isə respublikamızın orta ixtisas məktəblərinə qəbul olmuşlar. Məzunlardan 6 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən çox bal toplamışdır.
03 noyabr 2014-cü il tarixdən başlayaraq Biləsuvar rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan tarixinin XI sinif şagirdlərinə yenidən tədrisinə başlanılmışdır.
Rüb ərzində Mərkəzdə 19 ümumtəhsil məktəbindən 689 şagird dərslərdə iştirak etmişdir.
Dövlət siyasətinin əsas istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar rayonundan da yan keçməmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda da 2015-cü ilin fevral ayından etibarən əhalinin yenidən tibbi müayinədən keçirilməsi aksiyasına başlanılmışdır.Hazırda əhalinin müəyyən olunmuş müddətədək tibbi müayinədən keçirilməsi davam etdirilir.
Gənclərə qayğı və diqqət ölkə Prezidenti cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi əsas məsələlərdəndir. Rayonumuzda da əhalinin təxminən üçdə bir hissəsini təşkil edən gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunmuşdur.
Gənclərimiz ölkə Prezidenti ətrafında daim sıx birlik nümayiş etdirirlər. 2015-ci ilin birinci rübündə də Biləsuvarlı gənclər rayonumuzda bir sıra respublika və rayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha təsdiq etdilər ki, bu gün savadlı, intellektual səviyyəli, vətənpərvər gənclər yetişir.Bir çox gənclərimiz ayrı-ayrı sahələrə bacarıqla rəhbərlik edirlər.
Hesabat dövründə rayonumuzun gənc idmançıları müxtəlif respublika və zona turnirlərində uğurlu çıxışlar etmişlər.Müasir Olimpiya İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılarımız öz nailiyyətlərini ilbəil möhkəmləndirirlər. Hazırda rayonumuzda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev rayonda görülən işlərlə bağlı öz fikirlərini bildirdi, ayrı-ayrı sahələr üzrə yaranan problemlərin həlli barədə aidiyyəti şəxslərə öz tövsiyyələrini verdi.
M.Quliyev bütün Biləsuvarlılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etdi ki, Biləsuvarlılar həmişə olduğu kimi ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, respublikamızın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi kimi müqəddəs işə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.
Hesabat iclasında Biləsuvar rayon Cənub-Muğan Kanal İstismar İdarəsinin rəisi Kamil Mirzəyev, Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev, Ağayrı kənd İcra nümayəndəsi Azər Qədimov və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...