"Ordumuzun təchizatında ən müasir silahlar var" Zakir Həsənov
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkədə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.
Nazir deyib ki, hələ keçmiş sovetlər dövründə Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib: “Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər”.
Müdafiə naziri çıxışında son illər Azərbaycan xalqı və dövləti, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır.
“Artıq ordunun təchizatında ən müasir silahlar var. Bu, dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır”, - deyə o bildirib.
Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi, polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.
1275 dəfə oxundu