“Birinci Avropa Oyunlarına Rusiyanın ən məşhur idmançıları göndəriləcək” Müsahibə
GUNDEMİNFO.AZ Rusiya Olimpiya Komitəsinin prezidenti, Rusiya Dövlət Duması sədrinin birinci müavini Aleksandr Jukovun APA-nın Moskva müxbirinə eksklüziv müsahibəsini təqdim edir:
- Azərbaycanın I Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?
- Son vaxtlar dəfələrlə Bakıda olmuşam. Əminliklə deyə bilərəm ki, şəhər bu geniş miqyaslı idman yarışının keçirilməsinə əla hazırlaşıb. İdman arenaları, idmançılar və rəsmi nümayəndələr üçün yaşayış şəraiti, bütün infrastruktur ən yüksək tələblərə cavab verir. Ümumiyyətlə, bu, təəccüblü deyil. Belə ki, Azərbaycan son illərdə dəfələrlə müxtəlif siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edib və bunu hər zaman yüksək səviyyədə həyata keçirib. Hesab edirəm ki, Birinci Avropa Oyunlarının ideya müəlliflərinin Bakının bu yeni idman turnirini layiqincə keçirəcəyinə heç bir şübhəsi olmayıb, hətta baxmayaraq ki, hazırlıq müddəti çox qısa olub. Mən "Bakı-2015" Təşkilat Komitəsinə və Azərbaycan paytaxtında iştirak edəcək Avropanın ən yaxşı idmançılarına uğurlar arzulamaq istərdim.
- Birinci Avropa Oyunlarında Rusiyadan necə idmançı iştirak edəcək?
- Rusiya komandası Birinci Avropa Oyunlarına tam məsuliyyətlə hazırlaşır. Komandanın tərkibinin formalaşdırılmasına hələ keçən ildən başlanıb. Tezliklə Rusiya Olimpiya Komitəsi yekun siyahını təsdiq edəcək. Lakin indi təxminən 350 idmançımızın Bakıya gedəcəyi məlumdur. Rusiya Birinci Avropa Oyunlarında böyük sayda iştirakçı ilə təmsil olunacaq. Avropa Oyunlarına Rusiyanın ən məşhur idmançıları göndəriləcək. Bizim çox yaxşı ənənəmiz var. Bu, böyük yarışlarda “Rusiya Komandası Evi”ni açmaqdır. Belə evdən biz Bakıda da açacağıq. Orada bizim birgə idman tariximiz təqdim olunacaq. Əminəm ki, bu layihə Azərbaycan paytaxtının sakinlərini, eləcə də rusiyalı azarkeşlər də daxil olmaqla, Avropa Oyunlarının çoxsaylı qonaqlarını maraqlandıracaq.
- Rusiyalı idmançılar hansı idman növləri üzrə iştirak edəcəklər?
- Praktiki olaraq bütün idman növləri üzrə yarışlarda idmançılarımız iştirak edəcəklər. Bunlar gimnastika, boks, güləş, su idman növləri, döyüş idman növləri olan sambo və karate, plyaj futbolu, voleybol və basketboldur. Avropa Oyunları ilk dəfədir keçirilir, sözsüz ki, bu, tamaşaçılar, azarkeşlər üçün maraqlı, idmançılar üçün isə prestijli yarış olacaq. Lakin onu da unutmaq olmaz ki, Bakıda keçiriləcək yarışlarda bir sıra idman növləri üzrə 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya oynanılacaq ki, bu da həmin yarışlara xüsusi kolorit verəcək. Rusiya komandasının məqsədi çox ciddidir.
- Avropa Oyunlarında Rusiya əsasən hansı idman növləri üzrə qızıl medala iddiaçıdır?
- İlk növbədə biz qeyri-rəsmi komanda hesabında qələbəyə səy göstərəcəyik. Bizim komandamızın potensialı çox böyükdür. Komandamızda çox tanınmış liderlər, perspektivli və ambisiyalı gənclərimiz var. Komandamız əsas qüvvə kimi çıxış edəcək. Rusiya komandasının plyaj futbolu idman yarışında qızıl medal qazanmağa yaxşı şansı var. Bizim yığma komandamız bu gün hələ də bu idman növündə dəbi müəyyən edəndir. Əminəm ki, samboçularımız və güləşçilərimiz ən yüksək yerlər uğrunda mübarizə aparacaqlar. İdman və bədii gimnastikada biz uğurlara ümid edə bilərik. Amma, əlbəttə ki, bu, hələ tam siyahı deyil.
- Keçən ay Moskvada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirildi. Siz də həmin təqdimatda iştirak etdiniz. Təəssüratlarınızı bilmək istəyərdik.
- Moskvada "Bakı-2015" Avropa oyunlarının təqdimatı möhtəşəm keçdi. Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gözəl çıxış elədi. Həmin təqdimatda iştirak edənlər Bakının gözəlliyinə bir daha heyran qaldılar və əmin oldular ki, Avropa Oyunları yüksək səviyyədə keçəcək.
- Yəqin məlumatınız var ki, Avropa Oyunları öncəsi Qərbdə bəzi dairələr tərəfindən Azərbaycana qarşı təbliğat kampaniyasına start verilib. Soçidə Qış Olimpiya Oyunları keçirilən zaman Rusiya da belə kampaniya ilə üz-üzə qalmışdı. Bu barədə fikirlərinizi eşitmək istərdik.
- İdmanın siyasətdən kənar olduğuna biz tam əminik. Bütün dünya idman ictimaiyyəti də bu mövqedən çıxış edir. “Qara piar” isə o anda qurtarır ki, nə vaxt idman yarışları başlayır və insanlar ölkənin və oyunların təşkilatçısı olan şəhərin necə yaşadığını öz gözləri ilə görmək imkanı qazanırlar.
- "Bakı-2015" Avropa Oyunlarının açılış mərasimində Rusiya rəsmilərindən kimlərin iştirakı gözlənilir? Siz özünüz açılış mərasimində iştirak edəcəksinizmi?
- Komanda ilə birlikdə Birinci Avropa Oyunlarının açılış mərasimində mütləq iştirak edəcəyəm. Ümid edirəm ki, bizim ölkəmiz açılış mərasimində ən yüksək səviyyədə təmsil olunacaq.
1690 dəfə oxundu