Bakıda minlərlə ağacın aşma təhlükəsi var
Bakıda minlərlə ağacın aşma təhlükəsi var. Bunu Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov deyib. Onun sözlərinə görə, Bakı şəhərində aşma təhlükəsi olan ağaclar arasında əsasən, yaşı 25-dən çox olan qovaqlar üstünlük təşkil edir: “25 yaşı tamam olan qovaq ağaclarının kök sistemi artıq inkişaflarını başa çatdırdıqlarından kökləri zəifləyir. Bu ağacların aşma təhlükəsi çox olduğundan onlar hər hansı bir səmt küləyinin təsirinə məruz qalır. Aşdığı zaman da insanların əmlaklarına, sağlamlıqlarına ziyan vurur”.
Belə ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekspertiza İdarəsi ilə birgə reyd keçirdiklərini deyən V.Novruzov əlavə edib ki, təhlükəli ağacların hamısı qeydə alınır. Lakin onların kəsilməsi üçün ETSN-nin rəyinin olması lazımdır: “Ekpertiza rəyi verildikdən sonra onların götürülməsi birlik tərəfindən icra edilir. Bəzən görürsən ki, ağac yaşıldır, dekorativ gözəlliyini itirməyib, amma onun aşma təhlükəsi yaranıb. Biz çalışırıq ki, belə ağacları vaxtında götürək. Ancaq bəzən belə yaşıl ağaclar kəsilən zaman insanlar bunu qınaqla qarşılayırlar”.
V.Novruzov əlavə edib ki, Bakının yaşıllaşdırılması zamanı onun iqlimi üçün olduqca davamlı olan zeytun, şam, sərv, akasiya ağaclarına, viteks, yapon əzgili, yapon naznazı, yapon təkgözü kollarına daha çox üstünlük vermək lazımdır.
Bu ağac və kolların Abşeron yarımadasının torpağında çox yaxşı inkişaf etdiyini deyən Birlik direktorunun sözlərinə görə, aqrotexniki qaydada hər hansı yerdə yaşıllaşdırma işləri aparıldıqda da ən çox üstünlük adları sadalanan ağaclara verilir.
V.Novruzov qeyd edib ki, yaşıllaşdırma salınan zaman ağacların hündür olması şərt deyil. Çünki 1-1,5 metrlik ağacların bitiş faizi daha yüksək olur.
Birliyin baş direktoru paytaxtın bəzi ərazilərində süni ot örtüklərinin salınmasının da faydalı olduğunu deyib: “Bakıda maşın çoxdur. Süni ot örtükləri ilk növbədə səsin-küyün qarşısını çox yaxşı alır. Onlar toz-torpağı udmaq qabiliyyətinə də malikdir. Bu örtüklərin insanların sağlamlığı üçün ziyanlı olması barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Onlarda insan sağlamlığı üçün ziyanlı heç nə yoxdur. Yaşıllıq nə qədər çox olarsa, qəbristanlıqlarımız da bir o qədər az olar”.
1103 dəfə oxundu