Rusiyanı böyük fəlakətlər gözləyir: Putin necə addım atacaq? - Rəylər

Rusiyanı böyük fəlakətlər gözləyir:

"Rusiyanı qarşıda böyük fəlakətlər gözləyir. Putin Şoyqu və ya Gerasimovu qurban verə bilər”.

Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert Üzeyir Cəfərov hərbləşdirilmiş "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin Rusiyada çevriliş etmək cəhdinə münasibət bildirərkən deyib:

"Rusiyada proseslər bir müddət əvvəl təxmin etdiyimiz şəkildə gedir. Putinin Rusiya xalqına müraciəti olacaq. Təxmin edirəm ki, vəziyyəti stabilləşdirmək üçün o, müdafiə naziri, ya da baş qərargah rəisini qurban verə bilər. Şoyqunun müavini Yevkorov bu gün Priqojinlə görüşüb. Priqojin də tələblərində israrlıdır, tələb edir ki, Şoyqu və Gerasimov Rostova gəlsin. Gəlməyəcəkləri təqdirdə isə Priqojin Moskvaya doğru hərəkət edəcəyini bildirib. Son zamanlar Rusiyada hiss olunacaq dərəcədə anarxiya hökm sürür. Gün ərzində ya Priqojini öldürəcəklər, ya da onun dedikləri olacaq. Hər halda hadisələrə Putinin münasibət bildirməsindən sonra prosesin hansı istiqamətdə cərəyan edəcəyi bəlli olacaq.
Priqojinin Rusiyada hakimkiyyətə gəlməsi, çevriliş etmək məsələsi xülyadır. Putin və onun adamları buna imkan verməyəcək. Lakin bununla belə, Priqojinin bəzi tələbləri yerinə yetiriləcək”.

Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edir ki, Rusiya vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir:

"Bir çox analitiklər hələ xeyli əvvəllər bildirirdi ki, taktiki baxımdan "Vaqner” özəl hərbi şirkəti və onun rəhbəfri Priqojin Rusiya üçün uğurlu olsa da, strateji baxımdan başağrısına da gətirib çıxara bilər. Priqojin və onun dəstəsi ətrafında yazılanlar dəqiqdirsə, bu artıq Rusiya üçün vətəndaş müharibəsi təhlükəsidir. Bu isə ən təhlükəli senaridir. Rusiya üçün indi bir nömrəli problem Priqojindir. Rusiya üçün ən yaxşı senari onun təslim olmasıdır. Onun təslim olmayaraq, mübarizəni davam etdirməsi isə vətəndaş müharibəsinin alovlanması demək olacaq”.

Qeyd edək ki, Rusiyanın hərbləşdirilmiş özəl "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin rus hərbçilərinin əsgərlərinə raket zərbəsi endirməsinə cavab olaraq Rostova doğru irəliləyib və indilikdə şəhərin onların əlində olduğu bildirilir. Burada Priqojinin Moskvaya doğru irəliləyəcəyi iddia olunur. Artıq Yevgeni Priqojinə qarşı Rusiyada üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...