Azərbaycandan Ukraynaya 7,6 milyon dollarlıq YARDIM

Azərbaycandan Ukraynaya 7,6 milyon dollarlıq
Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

President.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilib.

Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...