Bişkekdə Rusiya Azərbaycandan nəyi qoparmağa çalışacaq? – “Buna razılıq verilməməlidir”

Bişkekdə Rusiya Azərbaycandan nəyi qoparmağa çalışacaq? –
“Rusiya prezidenti Vladimir Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakovun açıqlamalarını oxudum. Ondan bəlli olur ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfərini də nəzərə alsaq, bu zaman sülhməramlıların qalması və təyinatı ilə bağlı iddianın məramı, həmişə olduğu kimi, heç də xoş deyil”.

Bu sözləri Yenisabah.az-a politoloq Sülhəddin Əkbər deyib.

O, oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində Putin-Əliyev görüşündə toxunulacaq mövzulardan danışıb.

S. Əkbərin fikrincə, Rusiya öz silahlı qüvvələrini dəyişən şəraitə uyğunlaşdıraraq Qarabağda saxlamaq istəyir:

“Böyük təhlükə isə ondan ibarətdir ki, 44 günlük savaşda olduğu kimi, erməniləri Qarabağa qaytarmaq fikrindədirlər. Daha sonra ruslar onların təhlükəsizliyinə təminatçı kimi bölgədə qalmaq istəyirlər. Bu, çox təhlükəli bir durumdur və Azərbaycan heç bir halda buna razılıq verməməlidir. Əks halda, görülən işlərə çox böyük bir kölgə düşəcək və zərbə altında qalacağıq”.

Politoloqun fikrincə, Bişkek sammitində Azərbaycan və Rusiya liderlərinin görüşü məhz bu məsələyə həsr olunacaq:

“2 əsas məsələ müzakirə olunacaq: Qarabağla bağlı geosiyasi qarşıdurma, təşəbbüs mübarizəsi və sülhməramlıların yeni şəraitə uyğunlaşdırılması, onların statusunun dəyişdirilməsi. Rusiya Azərbaycanı şantaj edəcək ki, buna razılıq verməsəniz, o zaman BMT Təhlükəsizlik Şurasının qərarı ilə bölgəyə beynəlxalq sülhməramlı qüvvələr yeridiləcək və Kreml buna razılıq verəcək”.

Siyasi təhlilçi xatırladıb ki, bu gün Kreml bütün MDB ölkələrinin siyasi rəhbərliyini inandırmaq istəyir ki, ABŞ və Qərb yenidən postsovet ölkələrində sabitliyi pozmaq istəyir:

“Guya Qərb bölgədə “rəngli inqilablar”a hazırlayır və siyasi hakimiyyətiniz təhlükədədir. Ona görə də əməkdaşlıq etməliyik, çünki Rusiyanın müdafiəsinə ehtiyacınız var.

Bu gün Rusiya mövqeyinin zəiflədiyini, nüfuzdan düşdüyünü anlayır. Bu, Azərbaycan üçün də xüsusi bir haldır və daha diqqətli olmalıyıq. Cəmiyyətdə ciddi narahatlıq var, bu narahatlıq yersiz deyil və əsaslıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...