ABŞ niyə ölkəmizə qarşı qərəzli addımlarından ƏL ÇƏKMİR?

ABŞ niyə ölkəmizə qarşı qərəzli addımlarından
“Dövlət Departamentinin hazırladığı qondarma “2023-cü ildə dini azadlıqları pozulmuş ölkələrin siyahısı” bu ölkələr haqqında ictimaiyyətin fikirlərini manipulyasiya etmək üçün nəzərdə tutulmuş siyasi alətdən başqa bir şey deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı politoloq Endryu Korybko deyib.

“Azərbaycana qarşı qərəzli mövqe qəbuledilməzdir”

ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı növbəti qərəzli mövqeyini şərh edən analitik, Vaşinqtonun Bakının müstəqil xarici siyasət yürütməsindən narahat olduğunu bildirib:

“Dini baxımdan tolerantlığı ilə seçilən Azərbaycana qarşı bu aspektən qərəzli mövqe qəbuledilməzdir. Onların əsas məqsədləri bu ölkələri sanksiyalarla hədələməkdən ibarətdir. Azərbaycan çox müstəqil xarici siyasət yürüdür. Amerika isə bunu bəyənmir. Çünki Azərbaycan heç vaxt bu və ya digər bir ölkənin vassalı olmağı qəbul etməz.

ABŞ-Azərbaycan əlaqələri 2020-ci il müharibəsindən (red. 44 günlük müharibə) və ötən ilin sentyabrındakı bir günlük antiterror tədbirlərindən sonra güclü erməni diasporunun Amerika siyasətinə təsiri səbəbindən pozulub. Lobbi siyasətçiləri isə ABŞ-ın obyektiv maraqlarını qorumaq yerinə, Azərbaycan-Ermənistan münasibətlərində qərəzli mövqe tuturlar”.

“ABŞ Azərbaycan kimi etibarlı tərəfdaşı itirə bilər”

Analitik əlavə edib ki, ABŞ-nin növbəti qərəzli mövqeyi münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq:

“Bu, Vaşinqtonun Qafqazda etibarlı tərəfdaşı itirməsilə nəticələnə bilər. Azərbaycan əvvəllər işğal olunmuş torpaqlarını sülh yolu ilə azad etməyə çalışırdı. Bu siyasət, yəni Azərbaycanın sülhpərəst mövqeyi indi də dəyişməyib. Bununla belə, dəyişən odur ki, ötən il baş verən bir günlük antiterror tədbirlərindən sonra torpaqların işğaldan azad olunması prosesi tamamlandı.

Nəticə etibarı ilə Azərbaycan torpaqlarındakı separatçı qurumun darmadağın edilməsi erməni lobbisini qəzəbləndirdi və o, dərhal bütün təsir agentlərini Amerika siyasətçilərini çaşdırmaq üçün istifadə etdi. Məhz bu səbəbdən, Dövlət Departamenti Azərbaycanı özünün “dini izləmə siyahısı”na daxil edib. Bu hesabat həm də Azərbaycanla indiyədək qarşılıqlı faydalı tərəfdaşlığı yüksək qiymətləndirən Amerika siyasətçilərinə təzyiq göstərməyə xidmət edir”, - deyə analitik əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...