"Narahat olsunlar ki, 15-20 il Milli Məclisdə oturublar" - Sabir Rüstəmxanlı

"Narahat olsunlar ki, 15-20 il Milli Məclisdə oturublar" -


“O adamlar narahat olsunlar ki, 15-20 il Milli Məclisdə oturublar, amma heç ağızlarını açıb bir kəlmə də deməyiblər. Mən sözümü demişəm, işimi görmüşəm, indən sonra da öz işlərimi davam etdirəcəm”. Bunu Modern.az-a açıqlamasında xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib.

Budəfəki seçkilərdə namizədliyini irəli sürməyən S.Rüstəmxanlı hazırda gördüyü işlərdən, fəaliyyətindən danışıb.

“Bu aralar yaradıcılığa düzünü deyim ki, elə də vaxt ayıra bilmirəm. Lakin yaradıcılıqla bağlı əlimdə bir neçə ciddi yazım var. İki kitab var, hazırda ona hazırlaşıram. Yaradıcılıqdan əlavə mən ictimai işlərlə də məşğulam. Dünya Azərbaycanlıları Konqresi ilə daha ciddi məşğul olmalıyam. Bu yaxınlarda İsveçrədə “Təmsil olunmayan millətlər və xalqlar” təşkilatının böyük bir konfransı var idi. Mən orda İranda türklərlə azərbaycanlıların dil məsələsi ilə bağlı geniş məruzə eləmişəm. O işi davam elətdirəcəyik.

Hər yerdə azərbaycanlıların hüquqları ilə bağlı problemləri çatdırmağa çalışacağıq. Bundan başqa, Azərbaycan Dil Qurumu ilə bağlı işlərimiz var. Mən o qurumun sədriyəm. Azərbaycan dilinin istər dünyada, istərsə də, müstəqil ölkəmizdə bizi narahat edən vəziyyəti ilə əlaqədar işlərimizə, müzakirələrimizə davam edirik. Eyni zamanda, Vətəndaş Həmrəyliyi Partiyasında da bir sıra işlərimiz var”.

Sabir Rüstəmxanlı əlavə edib ki, ictimai vəzifələri yerinə yetirmək üçün millət vəkili olmaq şərt deyil. “Yaradıcılıqdan əlavə, mənim kifayət qədər ictimai işlərim, vəzifələrim var. Və heç birini görmək üçün də mütləq millət vəkili olmaq gərək deyil. Mən onsuz da millətimin vəkiliyəm və mənim üçün problem deyil ki, ora seçiləm ya seçilməyəm. Eyni zamanda, mən o adamlardan da deyiləm ki, seçilməyən kimi başlayım iqtidarı qınamağa ki, niyə mən deputat olmadım. Mən öz işimi görürəm. 25 il millət vəkili olmuşam. Kifayət qədər fəal deputat olmuşam. Ən fəal deputatlar sırasında adım hallanıb”.

Partiya sədri nə vaxtsa VHP rəhbərliyindən gedib-getməməsi ilə bağlı da sualları da cavablandırıb. “Qurultay olacaq, qurultay qərar qəbul edəcək. Məndən olsa, partiya sədrliyindən də gedərəm. Mən bundan sonra daha çox milli siyasətlə, mənəvi problemlərlə məşğul olmaq istəyirəm. Millətimizin gündəlik siyasətdən ziyadə, daha uzunömürlü, gələcəyə yönəlik siyasəti ilə məşğul olmaq istəyirəm”.

Xalq şairi Yazıçılar Birliyinin sədri olmaq arzusuna düşüb-düşmədiyi barədə sualı belə cavablandırıb: “Hələ ki, dostumuz Anar oturub orda. Dəfələrlə cavan yazıçılar, müxtəlif yazıçı qrupları tərəfindən mənə sədrliyə namizəd olmağım təklifi verilib. Amma mən heç vaxt o fikrə yaxın durmamışam. Çünki hörmətli, ziyalı dostumuz Anar hələ ki, Yazıçılar Birliyinə başçılıq edir. Allah ona uzun ömür versin. Ona görə də bu barədə düşünməmişəm”. Qeyd edək ki, Sabir Rüstəmxanlı bu il noyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilər üçün deputatlığa namizədliyini irəli sürməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...